Bakıda tanınmış plastik cərrahın əməliyyat etdiyi qadının bədəni çürüyür - FOTO
12-07-2024, 07:44
H.Süleymanova bu şikayətlə Səhiyyə Nazirliyinə müraciət etsə də, tibbi ekspertiza aparılmadan ona məhkəməyə müraciət etməyi tövsiyyə olunub.
Bakıda daha bir pasiyent estetik cərrahın qurbanı olub. Süleymanova Həmayıl Yaşar qızı Sputnik Azərbaycan-a müraciət edərək bildirib ki, 2023-cü il sentyabrın 11-də "Badam Medical Center" klinikasında plastik cərrah Vüsal Abdullayev tərəfindən abdominoplastika, liposaksiya və mamoplastika əməliyyatı olunub. Əməliyyatdan az sonra pasiyentin bədənində əməliyyat olunan hissələr nekrozlaşmağa başlayıb.
S.Həmayıl bildirib ki, həkimin tövsiyyəsi üçün üç əməliyyatı birgə etdirib. Bu cərrahi əməliyyatlar üçün klinikaya 7 min manat ödəniş edib.
"Əməliyyatdan sonra bədənimdə cürümə getməyə başladı. Buna görə həkimə müraciət etsəm də Vüsal həkim səhvini düzəltmədi. Sadəcə bir-neçə dəfə sarğıya gedib-gəldim. Sonra öyrəndim ki, əslində liposaksiya zamanı dəri ilə çox təmas edilib. Digər əməliyyatları da düzgün icra etməyib. Mən də, həyat yoldaşım da dəfələrlə həkimin qəbuluna getsək də, şikayətimizə cavab vermədi. Bizə dedi ki, "gedib hara istəsəniz şikayət edin, onsuz da şikayətinizə baxan olmayacaq".
H.Süleymanova bu şikayətlə Səhiyyə Nazirliyinə müraciət etsə də, tibbi ekspertiza aparılmadan ona məhkəməyə müraciət etməyi tövsiyə olunub.
"Prokurorluğa şikayətim də səmərə vermədi. Bir sözlə, bədənimdə nekrozlaşmanın olduğu şəkillərlə hansı quruma müraciət etdimsə, şikayətimə baxmadılar. Artıq son ümidim məsələnin mətbuat vasitəsilə işıqlandırılmasına qalıb", - deyə Həmayıl Süleymanova bildirib.
Sputnik Azərbaycan redaksiyamıza daxil olan şikayəti araşdırmaq üçün plastik cərrah Vüsal Abdullayevlə əlaqə saxlamağa cəhd edib. Telefona cavab verən köməkçisi Sputnik Azərbaycan-a bildirib ki, H. Süleymanovaya hər cür kömək olunub, lakin o tibbi dəstəklərdən imtina edib. Pasiyentin bədəninin hansı səbəbdən nekrozlaşmasına isə V. Abdullayevin köməkçisi cavab verə bilməyib. O, bu barədə həkimlə danışıb məlumat verəcəyini söyləsə də, telefonlara cavab verməyib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə şikayət olunduğu təqdirdə klinika və həkimlə bağlı araşdırma aparılacağını bildiriblər.
Qeyd edək ki, plastik cərrah Vüsal Abdullayev tanınmış müğənnilərə bədən şəkilləndirmə əməliyyatı etməklə populyarlaşıb və reklam olunur.