Sizi "yandıracaq" zaminlik: Problemlərə səbəb olur - AKTUAL

20-07-2024, 09:36           
Sizi "yandıracaq" zaminlik: Problemlərə səbəb olur - AKTUAL
Rəsmi iş yeri olmayan və ya aldığı əməkhaqqı kredit götürmək üçün yetərli hesab edilməyən, yaxud müəyyən miqdardan artıq kredit götürə bilməyən, həmçinin, işsiz şəxslər kredit götürmək istədikdə yuxarıdakı tələbləri ödəyən şəxslərə zaminlik üçün müraciət edirlər.

Bunun üçün bank, borcalan və zamin şəxs arasında müqavilə imzalanır. Lakin borcalan krediti zamanında ödəmədikdə, aylıq ödənilməsi nəzərdə tutulan məbləğ zaminin kartından çıxılır, bəzi hallarda zaman çox uzandıqda bank tərəfindən zaminin evinə polis də göndərilir.

Qanunla zaminlik öhdəliyi kredit müqaviləsi bitənədək davam edir. Lakin yuxarıda qeyd edilən hallarda şəxs zaminlikdən imtina etmək istəyir. Bu da hər zaman mümkün olmur. Məhkəmələrdə də problemli kreditlə bağlı çox sayda iş qeydə alınır.

Bəs hansı istisna hallarda zaminliyə xitam vermək mümkündür?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, istənilən vaxt zaminlikdən çıxmaq mümkün deyil:

"Zamin duran şəxs banka faktiki olaraq deyir ki, bu adam pulunu ödəyə bilməsə, mən ödəyəcəyəm. Bu da bank üçün təminatdır. Ona görə də şəxs istənilən vaxt zaminlikdən çıxa bilməz. Bunun onda bank üçün nə əhəmiyyəti qalır? Lakin bəzi hallarda şəxs zaminlikdən çıxa bilər".

Onun sözlərinə görə, yalnız 2 şərt halında zaminliyə xitam vermək olar:

"Birinci hal odur ki, kredit öhdəliyinin şərtləri sonradan dəyişdirilir, o da zaminin xeyrinə olmur. Kreditin məbləği, faizi, müddəti artırılır. Yəni zamininin ilkin öhdəliyi artır. Bu halda zamin zaminlikdən çıxa bilər. Qısa şəkildə deyir ki, biz belə danışmamışdıq, mən başqa şərtlərlə zamin durmuşdum. Xitam üçün ikinci şərt odur ki, kredit müqaviləsinin müddəti bitib, zaminlik müqaviləsində başqa hal göstərilməyibsə və 1 il ötübsə. Deyək ki, kredit müqaviləsi 3 il idi, 3 il bitib, ondan sonra 1 il də keçib. Bundan sonra zamin tələb edir ki, mən artıq zamin deyiləm. Başqa hallarda mümkünsüzdür".

Ə. Həsənov deyir ki, əgər zamin pulu ödəməyən borcalanı məhkəməyə verərək zərərdən çıxa bilər:

"Əgər zamin bu müddətdə krediti özü ödəyibsə, kredit götürəni və pulu ödəməyən şəxsi məhkəməyə verə bilər. Məhkəmə qaydasında həmin şəxsdən pulunu tələb edə bilər. Amma problem odur ki, əksər hallarda pul götürənin imkanı yoxdur. İmkanı olmayan şəxs məhkəmədə də pul ödəyə bilmir. Mən sizin vasitənizlə də müraciət etmək istəyirəm. Elə şəxsə zamin durun ki, o məsələ sizi “yandırmayacaq”. Əks halda heç kəsə zamin durmayın. Çünki bu, heç də formal bir məsələ deyil".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.