Yenə də paralel qeydiyyat və kağız sənədlər tələb olunacaqmı ?
22-07-2024, 16:08
Bu gün keçirilən birifnqdə bir daha vurğulandı ki, ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız rəqəmsal formada, ETN-nin portal.edu.az platforması üzərindən olacaq.
Xatırladıram ki, indiyədək bu qeydiyyat prosesi 3 mərhələdə davam edirdi:
1. Mərkəzləşdirilmiş qaydada, ETN-nin Portal.edu.az platformasında qeydiyyat aparılırdı
2. Əksər universitetlər paralel qeydiyyat aparır, özləri üçün kağız sənədlər tələb edirdilər
3. Bəzi universitetlər isə paralel olaraq özlərinin elektron resurslarında qeydiyyat tələb edirdilər
Bu proses 3 il olardı ki, bu formada davam edirdi.
Lakin bir neçə ay öncə Azərbaycan Texniki Universiteti paralelçilikdən və kağızdan imtina ilə bağlı təşəbbüslə çıxış edib.
AzTU İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsilə birgə bir neçə dəfə müzakirələr apararaq universitetə qeydiyyat məsələsində paralel qeydiyyatdan və kağız formada sənəd qəbulundan tam imtina edib.
Bununla bağlı rektorun müvafiq Əmri imzalanıb.
Bu gün İRİA və ETN rəsmiləri bütün digər universitetlərdən də belə addımların atılacağını gözlədiklərini bildirdilər. Hər iki qurumun bu istiqamətdəki səyləri təqdirəlayiqdir.
Xatırladıram ki, Portal.edu.az tam olaraq digər dövlət qurumlarına inteqrasiya olunub.
Qeydiyyat prosesi yetərincə sadələşdirilib. Sadəcə bir Pin kod daxil etməklə əksəriyyət məlumatlar avtomatik olaraq qeydə alınır.
Portal.edu.az platformasının operatoru funksiyasını icra edən TSİİ universitetlərə APİ servisləri təqdim edir və bütün universitetlər qəbul olunanların bütün sənədlərini bu servislər üzərindən elektron formada əldə edə bilirlər.
TSİİ hətta universitetlərin öz daxillərində olan ayrı-ayrı şöbə və departamentlərə də bu servislərdən istifadə imakanları yaradır.
Qeydiyyat prosesinin tam rəqəmsallaşması və paralelçiliyin aradan qaldırılması rəqəmsal transformasiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bununla da on minlərlə vətəndaşlar üçün daha rahat və asan imkanlar yaradılır, zaman itkisinə yol verilmir, şəffaflıq təmin olunur, həmçinin vətəndaşlar əlavə xərclərdən və əziyyətlərdən xilas olurlar.
Universitetlərin rəqəmsal transformasiyası sürətlənir, universitet daxili proseslər tam rəqəmsallaşmaya keçir və s.
İndi necə olacaq?
Digər universitetlər paralel qeydiyyatdan, kağız daşıyıcılarda sənəd qəbulundan imtina edəcəklərmi?
Yenə də attestatlar, şəxsiyyət vəsiqə surətləri, diplomlar və s. kağız formada tələb olunacaqmı?
Hazırda magistrların qeydiyyat prosesi gedir. Bir azdan bakalavrların da qeydiyyatı başlayacaq. Biz prosesi izləyirik.
Düşünürəm ki, İRİA və TSİİ -nin qeydiyyat prosesinin monitorinqini aparması da faydalı olardı.
Bu gün keçirilən brifinqdən sonra ümid edirəm ki, heç bir universitet paralel qeydiyyat aparmayacaq və kağız sənədlər toplamayacaq.
Osman Gunduz
TEREF