Benzinin qiyməti bahalaşdıqdan sonra keyfiyyəti aşağı düşüb? – Aİ-95 tapılmır, Aİ-92 isə...
24-07-2024, 16:29
Avtomobil istifadəçiləri benzinin keyfiyyətindən narazılıq edir.
Bu barədə sosial şəbəkələrdə geniş müzakirələr aparılır.
Xüsusilə, bir müddət əvvəl qiyməti 10 qəpik artırılan Aİ-92 markalı benzinin keyfiyyətinin aşağı düşdüyü vurğulanır.
Hətta, istifadəçilər yanacağın qiyməti artıqdan sonra sərfiyyatın da artdığını iddia edirlər.
Eyni zamanda, “Avro-5” keyfiyyət göstəricilərinə uyğun olaraq istehsal olunan və yaxın günlərdə 1 litrinin qiyməti 40 qəpik aşağı salınaraq 1.60 manat olan Aİ-95 markalı avtomobil benzininin keyfiyyəti ilə bağlı da şikayətlər var.
Məsələ ilə bağlı mətbuata açıqlamalar verən SOCAR bu cür məlumatların doğru olmadığını deyir.
“SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir. Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi amillər benzinin daha çox sərfiyyatına səbəb ola bilər”,- məlumatda qeyd olunub.
Mövzu ilə bağlı TNS-ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə benzinin keyfiyyəti ilə bağlı ciddi problemlərin olduğunu bildirib: “Benzinin keyfiyyətsizliyindən ən çox əziyyət çəkən avtomobil şirkətlərinin Azərbaycanda olan distribütorlarıdır. Lakin qorxularından səslərini çıxara bilmirlər. Təzə avtomobil gətirirlər, zəmanət müddəti verirlər. Daha sonra istehlakçı Azərbaycan benzinindən avtomobilə tökür və mühərrik sırdan çıxır. Müştəri gəlir distribütordan təmənnasız təmir, mühərrikin dəyişdirilməsini tələb edir. Şirkət baş verən problemin benzindən olduğunu deyə bilmir”.
AİB sədri bildirib ki, bir çox təmsilçi şirkətlərində benzinin keyfiyyətini ölçən xüsusi cihaz var: “Dəfələrlə şahidi olmuşam ki, benzinin keyfiyyəti ölçülür. Bildirmişəm ki, o cihazın birini Azad İstehlakçılar Birliyinə verin, biz bu problemi məhkəmələrdə qaldıraq.
Bu, böyük problemdir. Mən özüm 10 ildən çoxdur, sürdüyüm avtomobilin yenisini almaq istəsəm də, risk etmirəm. Çünki onlar daha mükəmməl benzinlə işləmək istəyir. O cür yaxşı benzin, ümumiyyətlə, yoxdur, olanı da çox bahadır. Benzin problemindən çox insan əzab çəksə də, onu dilə gətirən yoxdur. Məhkəmələr bununla bağlı iş aparmır. Nəticədə problem yaşanır və hamı benzinin keyfiyyətindən gileylənir. Ən yaxşı ekspertiza ictimai rəydir. Bu sahədə heç bir ictimai nəzarət yoxdur. Ölkədə müstəqil ekspertiza yoxdur ki, benzini ekspertiza etdirib hüquqi nəticəsini əldə edəsən. Belə bir şəraitdə də istehlakçılar xərcə düşür”.
Eyyub Hüseynov vurğulayıb ki, istənilən problemin qarşısını almaq olar, amma bunun üçün açıq formada əməkdaşlıq etmək lazımdır: “AİB olaraq çağırış edirəm. Mənə heç bir maddi dəstək lazım deyil. Ekspertiza dəstəyi verilsin, biz bu biabırçılığın üstünü açaq və istehlakçıların hüquqlarını qorumağa nail olaq. Bunu etmək olar. Cəmiyyət güclü olmalıdır. Bu işdə KİV-in rolu müstəsna ola bilər”.
İqtisadçı ekspert Natiq Cəfərli TNS-ə bildirib ki, bu məsələ ilə bağlı əlaqədar orqanlar rəsmi açıqlama versələr, daha yaxşı olar: “Vətəndaşların narazılığı varsa, aradan qaldırılması üçün araşdırma aparılmalı və rəsmi açıqlamlar verilməlidir. Doğurdan da bu sahədə problemlər olduğu görünür. Aİ-95 markalı benzin bir çox yanacaqdoldurma məntəqələrində yoxdur. Aİ-92-nin keyfiyyəti ilə bağlı problemlər var. Buna görə dövlət orqanlarının borcudur ki, vətəndaşları narahat edən bu məsələlərlə bağlı rəsmi açıqlamalar versinlər. Rəsmi məlumat olmadığı üçün şaiyələr yayılır. Bu məsuliyyət istehlakçıların hüquqlarının qorunmasına məsul olan orqanların üzərindədir, daha geniş açıqlamalar vermək qanunla onların borcudur”.
SOCAR-ın “benzinin keyfiyyətində problem yoxdur” açıqlamasına gəlincə isə iqtisadçı bildirib: “Təbii ki, SOCAR öz qatığına turş deməz”.