Ucuz, amma təhlükəli: Bazarda Çindən gətirilən sintetik məktəb formaları dolaşır
7-09-2024, 13:09
Ekspert bildirib ki, Çində istehsal olunun geyimlərin heç biri Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına uyğun gəlmir.
Azərbaycanda məktəbli forması bazarında xaos hökm sürür.
Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində qonaq olan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib. O, bildirib ki, Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında 17 mart 2022-ci il 96 nömrəli qərarına görə, oğlanlar üçün şalvarlar və ətəklər yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan tikilməlidir. Köynəklər pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) olmalıdır. Jaketlər isə yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilməlidir. Amma satışda Çin istehsalı olan, NK-nın tələblərinə cavab verməyən sintetik tərkibli materiallardan hazırlanan məktəbli formaları satılır.
"Valideynlər Çin istehsalı olan məktəbli formaları ucuz olduğu üçün alırlar. Amma bu uşaqların sağlamlığı baxımından təhlükəlidir. Bu formaların ölkəmizə gətirilməsinə necə icazə verildiyi araşdırılmalıdır. Dövlət Gömrük Xidməti NK-nın tələblərinə uyğun tikilməyən məktəbli formalarını və onun xammalını ölkəyə buraxmamalıdır. Bu işdə bir koordinasiya olmalıdır" - Eyyub Hüseynov bildirib.
AİB sədri həmçinin satışda çox keyfiyyətsiz məktəbli ləvazimatlarının olduğunu da söyləyib. Bildirib ki, valideynlər əsasən qələmlərin tez qırılmasından, kitabların şriftlərinin rənginin ələ çıxmasından şikayətlənirlər:
"Araşdıranda məlum olur ki, həmin məktəbli ləvazimatları saxtadır. Kitablar sürəti çıxardılmaqla çap olunub. Ona görə də, şriftlərin rəngi oxucunun əlinə çıxır. Dəftərlərin çoxu keyfiyyətsizdir. Çox təəssüf ki, kitablar geri qaytarılmayan mallar siyahısındadır. Ona görə də, alıcı onu keyfiyyətsiz olduqda qaytara bilmir".
E.Hüseynov məktəbli çantalarının qiymətinin bu il fantastik həddə çatdığını söyləyib. Bildirib ki, satışda 150 manatdan baha məktəbli çantaları var.
Birlik sədri yeni tədris ili öncəsi məktəbli ləvazimatlarının keyfiyyəti ilə bağlı hər gün şikayət daxil olduğunu söyləyib. Bildirib ki, məktəbli çantaları geri qaytarıla bilən məhsullar sırasındadır:
"Əgər məktəbli çantasının etiketi üstündədirsə, 14 gün ərzində geri qaytarıla bilər. Bəzən ticarət obyektləri bundan imtina etsə də, məktəbli çantaları geri qaytarıla bilən mallar siyahısındadır".