FHN-nin idarəsi iki ildə nazirə məxsus olduğu deyilən şirkətə 10 milyon ödəyib

4-10-2024, 12:34           
FHN-nin idarəsi iki ildə nazirə məxsus olduğu deyilən şirkətə 10 milyon ödəyib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "Qafqaznet" MMC-dən 311 179,66 manatlıq katric alacaq.

Qaynarinfo məlumat verir ki, şirkət idarənin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.

Ümumiyyətlə, "Qafqaznet" şirkəti bir qayda olaraq FHN-nin Maddi Texniki-Təchizat İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olur. Dövlət satınalmalarınin vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Qafqaznet" şirkəti 2023-2024-cü illərdə FHN-nin Maddi Texniki-Təchizat İdarəsinin keçirdiyi haqqında bəhs etdiyimiz tender də daxil olmaqla 14 satınalma müsabiqəsinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 9 801 490,98 manatdır.

"Qafqaznet" MMC-nin FHN-nə tabeli qurumun keçirdiyi tenderlərin qalibi seçilməsinin sirri şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olmasındadır.

"Qafqaznet" MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, "Çinar Park Biznes Mərkəzi"ndə yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Xəyal Əkbər oğludur.

Şirkətin hüquqi ünvanı iki dəfə dəyişib. Bundan əvvəl "Qafqaznet" MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da yeləşib. Şirkət təsis ediləndə isə Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da qeydiyyatda olub. Bu ünvanda Kəmaləddin Heydərova məxsus olduğu bildirilən bir neçə şirkətin, o cümlədən "Gilan Holdinq"ə daxil olan şirkətlər qeydiyyatdadır.

"Qafqaznet"in qanuni təmsilçisi də cari ildə dəyişib. Xəyal Əhmədov Cəfərov Adil Ələddin oğlunu əvəzləyib. Adil Cəfərov həm də "Qtech" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da, yəni, "Qafqaznet"in bundan əvvəlki hüquqi ünvanında qeydiyyatdadır.

Beləliklə, aydın olur ki, 1 il ərzində FHN-nin Maddi Texniki-Təchizat İdarəsindən "Qafqaznet" şirkətin 10 milyon manata yaxın pul axıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru