“Minimum əmək haqqının 345 manat olduğu ölkədə 300 manata bilet satmaq olmaz” – Ekspert
5-10-2024, 12:08
“Qarabağ” futbol klubunun Avroliqa oyunları zamanı Tofiq Bəhrəmov adına Respublika Stadionunda bəzi sektorlarda, xüsusən də VİP və onlara yaxın sektorlarda azərkeşlərin sayı olduqca az olur.
Yeniavaz.com xəbər verir ki, stadionun mərkəzi hissəsində yerləşən bu sektorların boş qalmasından yaranan xoşagəlməz mənzərə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, bunun səbəbi ayrı-ayrı sektorlar üçün nəzərdə tutulan biletlərin qiymətləri arasındakı kəskin fərqlərdir.
Bildirilir ki, qapıların arxasında yerləşən sektorlarda biletlərin qiyməti 5 manat olduğu üçün həmin sektorlar hər zaman dolu olur. Lakin, mərkəzi hissələrdə yerləşən biletlərin qiyməti qapı arxasındakı sektorlarla müqayisədə dəfələrlə yüksəkdir.
Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, 9-cu sektorda biletin qiyməti 5 manat olduğu halda, bu sektorla aralarında cəmi 1 metr məsafə olan 10-cu sektorda biletin qiyməti 4 dəfə baha – 20 manat olur. Qiymət fərqinin bu cür kəskin dəyişməsi və VİP sektorlarda isə 300 manata yüksəlməsi səbəbindən Tofiq Bəhrəmov adına Respublika Stadionunda Avropa ölkələrinin stadionlarında müşahidə etmədiyimiz mənzərə yaranır.
Qeyd olunur ki, “Qarabağ”ın Avroliqa oyunları zamanı mərkəzi sektorlarda biletlərin 150-300 manata satılması səbəbindən həmin sektorlar əksər hallarda azarkeşsiz qalır.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, “Qarabağ”ın Avroliqa oyunlarında VİP sektorlarda biletlərin 300 manata satılmasının nə məntiqi, nə də iqtisadi izahı var:
“Aydın məsələdir ki, digər məhsul və xidmətlərdə olduğu kimi biletlərin qiyməti də tələb-təklif əsasında müəyyən olunur. Lakin “Qarabağ”ın Avroliqadakı son oyunlarında müşahidə olunan mənzərə onu göstərir ki, klub rəhbərliyi qiymət siyasətini bazardakı tələb-təklifə uyğun qura bilmir. Biz bunun ən açıq nümunəsini “Qarabağ”ın son oyunlarında müşahidə etdik. “Qarabağ”ın oyunlarına böyük azarkeş tələbi var. Amma azarkeşlərin də maddi vəziyyətinin müəyyən sərhədi var və biletlərin qiyməti bu sərhədi keçdiyi zaman tələb aşağı düşməyə başlayır. Bu, hər kəsin bildiyi bəsit iqtisadi qanunauyğunluqdur ki, klub rəhbərliyi bunu nəzərə almır”.
Ekspert bildirir ki, klub rəhbərliyi bilet qiymətini müəyyən edən zaman ölkənin sosial-iqtisadi göstəricilərini də nəzərə almalıdır:
“Əgər minimum əmək haqqının 345 manat olduğu ölkədə 300 manata bilet satılarsa, o zaman ortaya çıxan bu mənzərə qaçılmaz olacaq. “Qarabağ”ın İngiltərədə “Tottenhem” ilə keçirdiyi son oyunda stadionun bütün sektorları ingilis azarkeşlər tərəfindən tam şəkildə doldurulmuşdu. Bunun səbəbi odur ki, “Tottenhem” klubunun rəhbərliyi bilet qiymətini müəyyən edən zaman azarkeşlərin gəlirlərini də nəzərə alır. İngiltərədə aylıq minimum əmək haqqı təxminən 2 min 200 funt sterlinqə bərabərdir. “Tottenhem”in Avroliqa oyunlarında VİP sektorlar üçün biletlərin qiyməti əksər hallarda minimum əmək haqqının 10-15%-i həddində olur. Məsələn, “Tottenhem”in oktyabr ayının 24-də “AZ Alkmaar” ilə keçirəcəyi Avroliqa oyununda VİP sektor üçün biletlərin qiyməti 250 funt-sterliq təşkil edir. Bizdə isə biletlərin qiyməti minimum əmək haqqının 80-90%-i həddində olur”.