Yas və toy dəhşəti şiddətlənir: Hökumət hərəkətə keçir?
8-10-2024, 07:04
2014-cü ilin sentyabrında qərar verildi ki, yas mərasimlərində yemək vermək qadağan edilsin. Bu qadağa əsasən rayonlarda işlədi. Bakıda “ehsan mafiyası” qadağanı sındırdı, əvvəlki qaydada davam etdi. İndi azsaylı rayonlarda ehsan adına yalnız halva, pendir, göyərti verilir. Əksər bölgələr yenə öncəki qaydada davam edir.
Toylardan isə söz açmağa dəymir. Restoranların menyu diqtəsi əndazəni aşır. Qiymətlər gözlə görüləcək dərəcədə şişirdilir, toylar bahalanır. Nəticədə əhali ciddi şəkildə yüklənir. Bu da sosial gərginlik yaradır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Vergilər Xidməti və s. menyu ilə bağlı niyə təftiş aparmır? Yas və toy mərasimləri ilə bağlı hökumət hərəkətə keçməlidirmi?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov dəfələrlə bu məsələyə toxunduğunu qeyd edib.
Deputat deyib ki, yas və toy məclislərində israfçılığın qarşısının alınması üçün müəyyən addımların atılmasına ehtiyac var:
“Bu gün toy və yasda baş verənlər həqiqətən də ciddi bir israfçılıqdır və insanlar arasında narazılıq yaradan məsələyə çevrilib. Düşünürəm ki, bununla bağlı maarifləndirici təbliğat işləri gücləndirilməlidir. Fikrimcə, gələcəkdə bu istiqamətdə qanunverici müstəvidə də hansısa qərarların qəbul edilməsi məsələsinə baxmalı və onu diqqətdə saxlamalıyıq. Doğrudan da bu, ciddi problem yaradır. Bunun adı israfçılıqdır”.
C.Məmmədovun sözlərinə görə, gələcəkdə insanlar israfçılıq etdikləri üçün daha çox əziyyət çəkəcəklər:
“Nəzərə almalıyıq ki, artıq ərzaq böhranı yaşanır. Gələcəkdə dünyada ərzaq çatışmazlığı da baş verəcək. O mənada biz bu məsələyə yenidən baxmalı və müəyyən qərarlar qəbul etməliyik. Bu qərarlar qəbul edilməsə, gələcəkdə biz olduqca çox çətinliklər çəkəcəyik. Ona görə də bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac var”.