Quş əti bahalaşıb... fermerlərsə deyir ki... - NARAZILIQ VAR...
8-10-2024, 11:45
Toyuq və damazlıq yumurta istehsalı ilə məşğul olan fərdi təsərrüfatlar yanacağın bahalaşmasından sonra xərclərin bir az da artdığından şikayətçidirlər. Fermerlər deyirlər ki, onsuz da yem bahadır, broyler şirkətlərindən fərqli olaraq qiymət artırılanda alıcı tapmaqda çətinlik çəkirlər.
Lənkəranlı fermerlərdən biri Meydan TV-yə bildirib ki, pandemiya dövründə müflisləşib, kredit götürərək təsərrüfatını yenidən qurub. Amma artan xərclərin müqabilində qazanc əldə edib krediti bağlaya bilmir.
Toyuğa nisbətən damazlıq yumurtanın alıcıları var.
“Azərbaycanda yem istehsal olunsaydı, xərclər nisbətən azalardı. Yanacaq bahalaşandan sonra bütün məhsulların qiyməti artdı”,-fermer bildirib.
Son vaxtlar bazarlarda quş ətinin qiymətində artım müşahidə edilir. İstehsalçılar bahalaşmanı məhsul qıtlığı və maya dəyərinin artması ilə əlaqələndirirlər. Bildirilir ki, qoyun və mal ətinin bahalaşması da toyuq ətinin qiymətinə təsir edir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, Azərbaycan dərman preparatları, yem komponentləri, istehsalda istifadə olunan avadanlıqları istehsal edə bilmir. Hətta son dövrlərə qədər damazlıq yumurta da digər ölkələrdən idxal edilirdi. Hazırda daxildə damazlıq yumurta istehsal edilsə də, hələ də idxal var.
“Ucuz və keyfiyyətli yem istehsal edə bilərik. Yem xaricdən idxal olunduğundan toyuq istehsalı baha başa gəlir. Get-gedə də bahalaşır, çünki maya dəyəri artır”,-Məhərrəmli deyib.
Ekspert bildirib ki, yanacağın qiyməti artırılarkən bütün məhsulların qiymətində artım olacağı proqnozlaşdırılmışdı. Yanacağın qiyməti maya dəyərini artırır:
“Quşçuluqla məşğul olan istehsal müəssisələri, sexlər istehsalı azaldıblar. Çünki artan xərclərin müqabilində, bu, onlara sərf etmir. Alıcılıq qabiliyyəti aşağı olduğundan məhsulları bahalaşdırmaq da sərfəli deyil”.
Ekspert digər mal və məhsulların da bahalaşdığını xatırladıb. Bildirib ki, həmçinin mal əti, kərə yağı, süd və digər məhsulların qiyməti artıb. Əhalinin alıcılıq qabiliyyəti isə get-gedə azalır:
“Toyuq əti bahalaşarsa, satış azalacaq, malın, məhsulun bir hissəsi geri qayadacaq, xarab olacaq. Buna görə də fermalar, sexlər istehsalı azaltmaqla, eyni zamanda, qiyməti nisbətən yüksəltməklə itkilərini kompensasiya etməyə çalışırlar. Onlar daha çox qazanc əldə etməyi deyil, artmış xərci kompensasiya etmək istəyirlər”.
V.Məhərrəmli qeyd edib ki, get-gedə vəziyyət pisləşir, xərclər artır. Yanacağı bahalaşdırmadan bunlar nəzərə alınmalı idi.
“İranda kənd təsərrüfatı ilə məşğul olanlar üçün dizel yanacağı Azərbaycanla müqayisədə 50 dəfə ucuzdur. Onlar daha ucuz və rəqabət qabiliyyətli məhsul istehsal edirlər. İstehsal vasitələrinin qiymətində dayanıqlıq olmalıdır. Dərman preparatlarını xaricdən gətirirlər, burada da işbazlar oyun oynayırlar, ölkəyə keyfiyyətsiz dərmanlar idxal olunur. Rayonlarda fərdi təsərrüfatlarda saxlanılan cücələrin kütləvi məhv olması ilə bağlı xəbərlər alırıq”,-Məhərrəmli söyləyib.
O əlavə edib ki, yerlərdə mütəxəssislər yoxdur. xəstəliklər geniş yayılıb, profilaktik tədbirlər aparılmır. Rəsmi statistikada da fərdi təsərrüfatlarda heyvanların sayının azaldığı əksini tapıb. Bu gedişlə quş ətinin idxalı arta bilər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə quşçuluq müəssisələrində diri çəkidə 76,0 min ton quş əti və 1053,5 milyon ədəd yumurta istehsal olunub. 2024-cü ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 139,2 min ton ət, 504,5 min ton süd, 571,7 milyon ədəd yumurta istehsal edilib.