Rüstəm Xəlilovun 766 minə yol təmir etdirəcəyi şirkət kimindir? - TENDER

9-10-2024, 07:14           
Rüstəm Xəlilovun 766 minə yol təmir etdirəcəyi şirkət kimindir? - TENDER
Milli Məclisin III, IV və V çağırış deputatı olmuş, hazırda Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Rüstəm Xəlilov rayonda 766 767,3 manatlıq yol təmirinə başlayır.

Qaynarinfo-nun məlumatına görə, Salyan Rayon İcra Hakimiyyəti bununla bağlı cari ilin sentyabrın 4-də tender elan edib. 12 gün sonra tenderə yekun vurulub. Satınalma müsabiqəsinin qalibi "İS.M.M” MMC seçilib.

Salyan yollarının təmiri ilə bağlı şirkətin təklif etdiyi qiymət 766 767, 3 manat olub. Bu, ehtimal olunan qiymətdən 18 240, 68 manat azdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İS.M.M." MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

İndiyədək şirkətin qanuni təmsilçisi iki dəfə dəyişib. "İS.M.M” MMC-nin ilk qanuni təmsilçisi Xudiyeva Mürvəq Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqovdan sonra isə şirkəti Nadir Xudiyev təmsil etməyə başlayıb.

Hər üç şəxs haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Şirkəti özü haqqında da məlumatlar məhduddur. Bircə o məlumdur ki, "İS.M.M.” MMC vaxtaşırı yerli icra hakimiyyətlərinin yol təmiri ilə bağlı keçirdikləri tenderlərin qalibi olur. Məsələn, Salyan Rayon İcra Hakimiyyətindən əvvəl şirkət Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər nümayəndəliyinin yol təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Nəticələr Salyan Rayon İcra Hakimiyyətinin tender elan etməsindən 5 gün sonraya təsadüf edib. Beləliklə, aydın olur ki, "İS.M.M.” MMC Şabranda yol təmirinə hazırlıq gördüyü bir vaxtda Salyan Rayon İcra Hakimiyyətinin də keçirdiyi tenderə qatılıb və qalib gəlib.

Maddi texniki bazası barədə heç bir məlumat olmayan şirkətin təxminən eyni vaxtda iki rayonda keyfiyyətli yol təmir edəcəyi bir qədər inandırıcı görünmür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.