Marketlərimizdə 15 və 30 manatlıq kərə yağları satılır - qiymətdə 2 dəfə fərq, bəs keyfiyyətdə?..
30-10-2024, 11:34
İlqar Hüseynli: “Tələbatın böyük olmasından sui-istifadə edən işbazlar qiymətləri sövdələşərək qaldırır”
Kərə yağının qiyməti fantastik həddə qədər bahalaşıb. Son 2 ayda qiyməti 3-4 manat aralığında artan yağ istehsal ölkəsindən, brendindən, əlavə xərclərdən asılı olaraq mağazalarda 15-30 manat aralığında satılır. Ən aşağı qiymət İran, ən yüksək qiymət isə Avropa istehsalı olan yağlarda qeydə alınıb. Artıq təmiz kərə yağı bəzi ailələr üçün əlçatmaz nemətə çevrilib.
Nəticədə, insanlar ucuz, keyfiyyətsiz, tərkibi bəlli olmayan yağlara üz tutublar. Ümumilikdə, bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub.
Maraqlıdır, yağın mağazada bu qədər baha olması onun maya dəyərinə nə dərəcədə adekvatdır? Bu dərəcədə bahalaşmanın hansısa iqtisadi əsası varmı?
“Gömrükdə idxal rüsumlarının qaldırılması kərə yağının qiymətinin artmasına əlavə təsir göstərir”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Təkcə kərə yağları deyil, ölkədə idxal edilən bütün istehlak mallarının qiymətində artım müşahidə edilməkdədir. Xüsusən kərə yağlarında və çaylarda bu özünü daha çox göstərir. Birincisi, bu yağın qiymətinin artırılmasının səbəbi ondan ibarətdir ki, Azərbaycan idxaldan asılı dövlətdir. Kərə yağına olan tələbatın böyük hissəsi idxal hesabına təmin edilir. Əfsuslar olsun ki, Azərbaycanda heyvandarlıq sahəsi çökür. İlbəil iri və xırda buynuzlu heyvanların sayı azalır. eHHHHeyvandarlıqla bağlı yaradılan aqroparklar gözləntiləri doğrultmur. Bir sözlə, maldarlıq sahəsində kəskin şəkildə geriləmə müşahidə edilir. Problem həm də ondan ibarətdir ki, aqroparklar daha çox əkinçiliyə üstünlük verir. Daxili bazarda isə heyvandarlıq məhsullarına tələbat həddən artıq çoxdur. İkincisi, tələbatın böyük olmasından sui-istifadə edən işbazlar qiymətləri sövdələşərək qaldırır. Onsuz da yağ idxalı ilə məşğul olanların çevrəsi məhduddur. Yəni hər kəs yağ idxal edib onu satmaq imkanına malik deyil. Üçüncüsü, gömrükdə idxal rüsumlarının qaldırılması kərə yağının qiymətinin artmasına əlavə təsir göstərir. Halbuki, kərə yağı idxal vergisindən azad edilsəydi, qiymətlər bu qədər baha olmazdı. Ona görə də bu problemlər qaldıqca, kərə yağının qiyməti artmaqda davam edəcək. Nəticədə insanlar ucuz, keyfiyyətsiz soya yağlarına üstünlük verir ki, bu da genofondumuza zərbə vurur. Xəstə uşaqlar dünyaya gəlir, xərçəng xəstəliyi geniş yayılır, uşaqların boyu azalır və s. Ona görə də strateji əhəmiyyətli məhsullar idxal edilərkən rüsumlarından azad edilməlidir. Xüsusən ölkədə çox az istehsal edilən ərzaq məhsulları. O cümlədən, süni inhisarçılığa son qoyulmalıdır. Çünki inhisarçılar bazara diqtə edəndə qiymətlər düşmür”.
Vidadi ORDAHALLI