Ermənistana gedən rus turistlər kəskin azaldı...
30-10-2024, 12:08
Rus turistlərin Ermənistandan üz döndərməsinin iki əsas səbəbi var
Cari ilin əvvəlinə qədər rus turistlərin Ermənistana səfərlərinin kəskin artım dinamikası müşahidə edilirdi. Lakin bu ilin əvvəlindən Rusiyadan Ermənistana turist səfərlərinin sayı kəskin azalıb.
Belə ki, bu ilin yanvar-sentyabr aylarında Ermənistana gələn turistlərin sayı 6,9 faiz azalıb. Bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan Milli Assambleyanın daimi komissiyalarının iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin ilkin müzakirəsi zamanı deyib.
“Yanvar-sentyabr aylarında Ermənistana gələn turistlərin sayında azalma 6,9 faiz təşkil edib ki, bu da əsasən Rusiyadan gələn turistlərin sayının 21,6 faiz azalması ilə bağlıdır. Digər ölkələrdən gələn turistlərin sayı təxminən 8,4 faiz artıb ki, bu da əsasən Gürcüstan, İran, Çin və Hindistandan gələn turistlərin payına düşüb”, - Ovannisyan bildirib.
Ekspertlərin fikrincə, Rusiyadan Ermənistana turist axınının kəskin azalmasının iki əsas səbəbi var. Bunlardan biri ötən ilin sonlarından başlayaraq Ermənistanda və Rusiyada təyyarə biletlərinin bahalaşması, digəri isə təhlükəsizlik məsələsidir.
Son dörd il ərzində Ermənistan hakimiyyəti, demək olar ki, hər ay bir neçə dəfə Azərbaycan Ordusunun Ermənistana hücumunun gözlənilməsi ilə bağlı bəyanatlar verirdi. Ermənistan bununla hesab edirdi ki, Azərbaycana təzyiq göstərir, dünyanı onun üzərinə qaldırır. Axır ki, Ermənistan hökuməti bu bəyanatların bəhrəsini gördü.
Ermənistan Turizm Federasiyasının rəhbəri Mexak Apresyan bir sıra ölkələrin hava yollarının səlahiyyətli departamentlərinin saytlarında Ermənistanın qırmızı rənglə göstərilməsinin heç də az əhəmiyyət kəsb etmədiyini hesab edir. Yəni ölkə təhlükəli hesab olunur".
Apresyan sözünə davam edərək deyir ki, bu vəziyyətə istinad edərək, sığorta şirkətləri turistləri sığorta ilə belə təmin etmirlər.
Yəni Ermənistan dünya ölkələrinin hava yolları şirkətlərində təhlükəli ölkə kimi qəbul edildiyindən, ölkəyə avio reyslərin sayı bütün ölkələr üzrə, o cümlədən də Rusiya avioşirkətlərinin uçuşlarının sayı azalıb. Bununla yanaşı, hava yolları şirkətləri Ermənistana daşıdıqları sərnişinlərin sığortalanmasında ciddi problem yaşayırlar. Rusiya hava yolları şirkətlərinin 80 faizi sərnişinlərinin sığortalanmasında xarici sığorta şirkətlərinin xidmətindən istifadə edir. Xarici sığorta şirkətləri isə həm Ermənistanın təhlükəli ölkələr sırasında yer almasından, həm də Amerika və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan dolayı Rusiya aviaşirkətlerinin sərnişinlərinin sığortalanmasından imtina edir. Qərbə və Amerikaya bağlı olmayan sığorta şirkətləri isə Rusiya sığorta bazarında onlara tələbatın artdığını görüb daha çox qazanmaq üçün sığorta xidmətinin qiymətlərini bahalaşdırır.
Rusiyadan Ermənistana turist axınının azalmasının ikinci səbəbi isə təyyarə biletlərinin müxtəlif səbəblərdən bahalaşmasıdır. Bu bahalaşmanın bir səbəbi elə birinci amillə bağlıdır. Yəni Ermənistan dünyanın hava yolları şirkətlərində təhlükəli ölkə kimi keçdiyindən sərnişinlərin və təyyarələrin sığortalanması xərcləri artır, bu isə öz növbəsində təyyarə biletlərinin bahalaşmasını şərtləndirir. Digər tərəfdən isə, Ermənistanın özündə təyyarə biletləri müxtəlif səbəblərdən son bir il ərzində 35 faiz bahalaşıb.
Göstərilən səbəblər üzündən rusiyalı turistlər həm də Ermənistandan tranzit ölkə kimi də istifadədən imtina edirlər. Ruslar son bir il ərzində Ermənistan əvəzinə tranzit ölkə kimi əsasən Gürcüstanı, bəzi hallarda isə Azerbaycanı seçir.
Yeri gəlmişkən, Ermənistandan Avropa ölkələrinə uçuş qiymətləri orta hesabla 250 dollar təşkil etdiyi halda, Gürcüstanın müxtəlif şəhərlərindən Avropa ölkələrinə təyyarə biletlərinin orta qiyməti 150 dollar təşkil edir. Hətta Kutaisidən Avropanın bir neçə şəhərinə uçuş qiymətləri həftəsonu - sərnişinlərin sıxlaşdığı zaman 70 dollara qədər ucuzlaşir.
Qeyd edək ki, Cənubi Qafqazda turizm üçün ən əlverişli ölkə Gürcüstan, ikinci yerdə isə Azərbaycandır. Bu səbəbdən əvvəlki illərdə Gürcüstana gələn turistlərin 80 faizi mütləq Azərbaycanı da ziyarət edirdi. Lakin quru yolların qapalı olması üzündən ölkəmizin turizm sektoru bu imkandan məhrum olunur. İndi Azərbaycana səfərlər yalnız hava yolları vasitəsi ilə, yəni baha başa gəldiyindən Gürcüstana gələn turistlərin 70 faizi Azərbaycanın əvəzinə Ermənistanı ziyarət edir. Ermənistanda turizmin sürətlə inkişaf etməsinin əsas səbəblərindən biri də budur.
Akif NƏSİRLİ