Füzuli sakini 25 il əvvəl qapısını sındıraraq zəbt etdiyi mənzili qaytarmır - “Nəbi Qurbanovun Bakı şəhəri, 8-ci km qəsəbəsində fərdi evi də var...”
30-10-2024, 11:24
Bakı şəhər sakini Əliyev Kamil Cəmil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 1999-cu ildə evini zəbt ediblər, hələ də kirayədə yaşayır:
“Mən, Əliyev Kamil Cəmil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində 4 otaqlı evimiz var. Ev mənim adımadır, şəxsi evimdir.
1999-cu ildə Füzuli rayon sakini Qurbanov Nəbi Firudin oğlu mənim evimin giriş qapısını sındıraraq mənzilə daxil olmuş və bu günə kimi ailəsi ilə həmin mənzildə yaşayır.
Bu illər ərzində dəfələrlə Nəbi Qurbanova zəbt etdiyi mənzili boşaltmağı təklif etmişəm. Lakin hər dəfə rədd cavabı eşitmiş, təhqirlərə məruz qalmışam.
Nəbi Qurbanovun Bakı şəhəri, 8-ci km qəsəbəsində fərdi evi var. O isə neçə illərdir ki, 8 nəfər ailə üzvü ilə 2 otaqlı mənzildə yaşamaq məcburiyyətindədir.
Mənim çoxsaylı müracilərimə baxmayaraq, Nəbi Qurbanovun zəbt etdiyi mənzili azad etməkdən imtina etməsi barədə dövlət və hökümət orqanlarına dəfələrlə müraciət etmişəm. Lakin faydası olmamışdır.
Məhkəmənin də qərarı var. İş artıq məhkəmə icraçısındadır. Amma bizə köməklik göstərmirlər.
Qeyd edim ki, ailəliyəm, 3 uşağım var. Öz evim ola-ola kirayədə yaşayıram”.
Aynurə İSMAYIL
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.