ARDNF Səudiyyə Ərəbistanına investisiya yatırılması imkanlarını araşdıracaq
30-10-2024, 15:54
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Səudiyyə Ərəbistanında investisiya imkanlarını araşdırmaq məqsədilə bu ölkənin “Hassana İnvestisiya Şirkəti” ilə Anlaşma Memorandumu imzalayıb.
İndex.az Fonda istinadən xəbər verir ki, sənəd müştərək investisiyaların həyata keçirilməsi imkanlarını araşdırmağa imkan yaradaraq iki qurum arasında strateji əməkdaşlığın inkişafına töhfə verəcək.
Anlaşma Memorandumunun ARDNF-in İcraçı direktoru İsrafil Məmmədov və “Hassana İnvestisiya Şirkəti”nin İcraçı direktoru Saad bin Abdulmohsen Al-Fadli imzalayıb.
İ.Məmmədov bildirib: “Bu Anlaşma Memorandumu yalnız iki maliyyə qurumunun razılaşması deyil, eyni zamanda strateji investisiyalar və dayanıqlı inkişaf üçün ortaq məqsədlərə yönəlmiş tərəfdaşlığın başlanğıcıdır. Bu əməkdaşlıq ARDNF-in “Vision 2030” strateji hədəfləri çərçivəsində əhəmiyyətli inkişaf və transformasiya dövründən keçən Səudiyyə Ərəbistanındakı investisiya strategiyası baxımından əhəmiyyətli bir mərhələdir. Biz Hassana ilə qarşılıqlı maraq doğuran layihələri müəyyən etmək və inkişaf etdirmək üçün birgə çalışmağa hazırıq”.
Saad bin Abdulmohsen Al-Fadli bu tərəfdaşlığın “Hassana İnvestisiya Şirkəti” üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: ” Hər iki tərəfə Səudiyyə Ərəbistanının investisiya sektorundakı yeni imkanlardan faydalanmağa kömək edəcək bu memorandum sayəsində əməkdaşlığımız, özəl səhm, daşınmaz əmlak və infrastruktur sahələrinə fokuslanaraq uzunmüddətli dəyər yaratmağı hədəfləyir”.
“Hassana İnvestisiya Şirkəti” Ümumi Sosial Sığorta Təşkilatının (GOSI) investisiya meneceri olaraq fəaliyyət göstərir. 1,2 trilyon Səudiyyə riyalı (320 milyard ABŞ dolları) dəyərində aktivləri və dünyanın ən böyük pensiya fondlarından birini idarə edən “Hassana” yerli, regional eləcə də, qlobal investisiyalardan ibarət çoxşaxəli portfelə malikdir, bütün Səudiyyə nəsillərinin gələcək pensiya ehtiyaclarını qarşılamaq məqsədilə dayanıqlılıq prinsiplərinə əsaslanan strategiyası çərçivəsində uzunmüddətli investisiyalar həyata keçirir.