Devalivasiya qapının kandarındadır? -
31-10-2024, 00:01
Devalvasiya ehtimalından çox danışmaq, yazmaq ürəkaçan deyil. Çünki manatın dəyər itirməsi ölkə iqtisadiyyatı üçün yaxşı hal sayılmır. Hətta ölkədə zəlzələ effekti yarada bilər. 2015-ci ili xatırlamaq yetər. Onda il ərzində iki devalvasiya qeydə alınmışdı. İqtisadiyyat çox ciddi zərbə ilə üzləşmişdi. Əhalinin nə vəziyyətə qalmasından isə heç danışmağa dəyməz. Ölkə əməlli-başlı sarsılmışdı. Bizi bir az özümüzə neftin qısa zamanda dəyər qazanması gətirdi.
Bizimyol.info xəbər verir ki, bankların dollar alışı inanılmaz səviyyəyə çatıb. Oktyabrın 29-da tələb 88 milyon dolları keçib. Son vaxtlar buna yaxın göstəricilər çox olur. Bir neçə gün əvvəl də tələb 80 milyon dolları ötmüşdü.
Həqiqətən də, inanılmaz rəqəmlərdən söhbət gedir. Sentyabrda banklar təxminən 600 milyon dollarlıq valyutaya ehtiyac duymuşdu. Təkcə oktyabrın son dekadasında bu göstəricinin qeydə alındığını iddia etmək olar. Hər halda, Mərkəzi Bankın noyabrda bununla bağlı statistika açıqlayacağı gözlənilir. Onda tələbin necə artması aşkar görünəcək.
Sentyabrın sonlarında açıqlanmışdı ki, Mərkəzi Bankın il ərzində Dövlət Neft Fondu ilə birlikdə təşkil etdiyi hərraclarda 5 milyard 378 milyon dollar məbləğində satış olub. Yəni aylıq təxminən 600 milyon dollarlıq satışdan söhbət gedirdi. Onda həyəcanla məlumat verilmişdi ki, bir il əvvələ nisbətən 2,4 dəfədən çox artım rəsmiləşib. Görün indi vəziyyət necədir!
Yuxarıda qeyd etdiyimiz kimi, oktyabrın yekun göstəriciləri gələn il açıqlanacaq. Yəqin ki, 1-1,5 milyard arası satışdan danışılacaq. Noyabr yaxınlaşdıqca bazarda təlaşın artdığı müşahidə edilir. Çünki ümumi fikir belədir ki, COP 29 tədbirindən sonra devalvasiya qeydə alınacaq. Ölkə iqtisadiyyatında geriləmə müşahidə olunması, bankların valyuta bazarına həssas yanaşması əhalini təşvişdə saxlayır. Çoxluq o fikirdədir ki, devalvasiya qaçılmazdır. Buna görə də tələb inanılmaz səviyyəyə çatır.