Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu açıqlayıb

2-11-2024, 15:44           
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu açıqlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş oktyabr proqnozlarına görə, ölkədə illik inflyasiya 2024-cü ilin sonuna 5,1 %, 2025-ci ilin sonuna isə 5,8 % olacaq.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, mövcud pul siyasətilə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.

Qeyd edilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.

Mərkəzi Bank davamlı olaraq gedən iqtisadi prosesləri və maliyyə bazarlarını izləyir və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək.

Azərbaycanın müstəqil iqtisadçıları hesab edir ki, ölkədə inflyasiyanı bir rəqəmli səviyyəyə endirmək üçün bazar iqtisadiyyatına keçid sürətləndirilməli, rəqabətlilik yaradılmalıdır.

İqtisadçıların sözlərinə görə, son illərdə Azərbaycanda ərzaq inflyasiyası yüksək olub.

Öz növbəsində bu ilin iyulunda ABŞ Dövlət Departamenti 2024-cü il - İnvestisiya Mühiti Hesabatını yayıb.

Hesabatın Azərbaycana aid bölməsində deyilir ki, Azərbaycan hökuməti xarici sərmayələri cəlb etməyə çalışsa da, öz iqtisadiyyatını şaxələndirmək və tender prosesinə müəyyən qədər şəffaflıq gətirmək üçün islahatlar aparsa da, bu ölkədə investisiya mühiti çətin olaraq qalır.

“Azərbaycan iqtisadiyyatı ixrac gəlirlərinin təxminən 90 faizini və dövlət büdcəsinin yarıdan çoxunu təşkil edən neft və qaz hasilatından ciddi şəkildə asılı olaraq qalır. 2023-cü ildə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, Azərbaycanın istehlak qiymətləri indeksi isə illik müqayisədə 8,8 faiz artıb. Ölkənin İqtisadiyyat Nazirliyinin proqnozuna görə, illik inflyasiya 2024-cü ildə 5,3 faiz, 2025-ci ildə isə 4,9 faiz təşkil edəcək”, hesabatda qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.