Dronlardan biznes və tədqiqat yönümlü istifadə sahəsində problemlər hələ də öz həllini tapmayıb

5-12-2024, 10:34           
Dronlardan biznes və tədqiqat yönümlü istifadə sahəsində problemlər hələ də öz həllini tapmayıb
Sosial mediadan diqqətimi cəlb etdi ki, "Vətəndaş A" serialının Daşkəsən rayonundakı çəkilişləri zamanı istifadə olunan dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulub.
Hələ də ölkəmizdə dronlardan müxtəlif məqsədlər üçün istifadə ilə bağlı məsələ beynəlxalq normalara uyğun formada öz həllini tapmayıb.
İndiyədək də dron ölkəmizdə “mülki dövriyyəsi məhdudlaşdırılmış” əşyaların siyahısındadır və ölkəyə gətirilməsi qaydası da silah və partladıcı vasitələrin, kosmik vasitələrin, pul çap edən avadanlıqlardan istifadə prosedurası ilə eynigüclüdür.
5 il öncə Dövlət Mülki Aviasiya Agentliyi dronların qeydiyyatı və uçuşu ilə bağlı Müvəqqəti bir proseduralar müəyyən edib.
Qaydaların mahiyyəti ondan ibarətdir ki, elə uçurtmasan daha yaxşı olar 🙂
Mövcud qaydalara görə dronun qeydiyyatı üçün, yəni ölkəyə gətirilməsi üçün aşağıdakı qurumların rəyi tələb olunur :
Müdafiə Nazirliyi
Daxili İşlər Nazirliyi
Dövlət Təhlükəsizliyi Xidməti
Dövlət Sərhəd Xidməti
Prezidentin Təhlükəsizlik Xidməti
Bu rəyləri alanlar dronun qeydiyyatı üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiinu Dövlət Mülki Aviasiya Agentliyinə müraciət etməlidir.
Uçuş icazəsi üçün isə AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinə müraciət edilməlidir.
İndi təsəvvür edin ki, hansıa bir orta və ya ali məktəb, startap və ya biznes qurumu dronlardan istifadəyə əsaslanan nəsə bir tədqiqat, yaxud xidmət işi ortaya qoymaq istəyir. Təsəvvür etmək çətin deyil ki, onları hansı çətinliklər gözləyəcək.
Bu Qaydaların pozulmasına görə qanunvericilikdə cinayət məsuliyyəti müəyyən edilib.
Dünyada, hətta qonşu ölkələrdə çoxdan bu problem həll ediblər. Dronlar çəkisinə, uçuş hündürlüyünə, fəaliyyət məqsədlərinə uyğun olaraq tənzimlənib və normal qeydiyyat və uçuş qaydaları var .
Xatırlayıram ki, ötən il nazir Rəşad Nəbiyev Aviasiya haqqında qanunun qəbulundan sonra bu problemin həll olunacağını bildrimişdir.
Görünən odur ki, hələlik həm biznes məqsədləri üçün, həm elm, təhsil və tədqiqat yönümlü, həm də əyləncə yönümlü dronlardan istifadə ilə bağlı ölkəmizdə problemlər hələ də öz həllini tapmayıb.
Son zamanlar RİNN -in səlahiyyətləri xeyli genişlənib. Ümid edirəm Nazirlik bu məsələni də nəzarətə götürüb normal bir qeydiyyat və uçuş mexanizmi ortaya qoya biləcək.
Düşünürəm ki qeydiyyat və uçuşa icazə proseduraları xeyli sadələşdirilməlidir.
Bununla əlaqəli rəqəmsal bir platforma hazırlanmalıdır. Elektron qeydiyyat sistemi yaradılmalıdır. Rəqəmsal həllər yaradıla bilər ki hansı ərazilərdə uçuşa icazə verilir, hansı əraizlərdə verilmir.
P.S. Xatırlayıram ki ETN-in təhsil-tədqiqat yönümlü festival-sərgilərinin birində dronlarla əlaqəli xidmət təqdim edən bir məktəbin uşaqlarından və müəllimlərindən əsas problemlərinin nə olduğunu soruşmuşdum. Dedilər ki müvafiq qurumlardan icazə və Mülki Aviasiyada qeydiyyat prosesi.
Hamısı Mülki Aviasiyada qeydiyyat aparan departmentin rəhbərinin adını əzbər bilirdilər.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.