Attestasiyadan keçərkən işçilər daha çox hansı hallara qarşı diqqətli və məlumatlı olmalıdırlar?
6-12-2024, 11:14
Azərbaycan Respublikası Əmək Məcəlləsinin və AR-sı Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 saylı qərarı ilə təsdiq edilmiş: “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq, işçilərin tutduqları vəzifəyə (peşəyə) uyğunluğunun yoxlanılması məqsədi ilə attestasiyadan keçirilə bilər.
1. Müəssisə və təşkilatlarda attestasiyanın konkret müddətləri vəya keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi 3 ildə, elmi işçilər isə 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. Aşağıdakı işçilərin attestasiyası keçirilmir:
Vətənin müdafiəsi,azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış, əlilliyi müəyyən edilmiş işçilər. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə, fəxri adlarına layiq görülən işçilər. Bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün, qaçqın statusu olan işçilər, hamilə qadınlar,
uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar(uşağını təkbaşına böyüdən kişilər),yaşı 18-dən az olan işçilər, bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər, eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər.
4. Komissiya üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə(peşəyə),əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi iş, onların nəticələri barədə, əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları və vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar sual verilə bilər.
5. Komissiya tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar olan çıxarılmış işçinin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
6.İşəgötürən komissiya tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
7. Attestasiya komissiyasının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.
8. Attestasiya komissiyası tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir.
9.Attestasiya olunan işçinin siyasi baxışına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadınavə digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
10. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.
Azer Quliyev
TEREF