“Nə maaş alır, nə pul qazanıram, amma sosial yardım verilmir” - AXI NİYƏ?..

7-12-2024, 12:38           
“Nə maaş alır, nə pul qazanıram, amma sosial yardım verilmir” - AXI NİYƏ?..
“Üç azyaşlı övladım var. Yoldaşım fəhləlik edirdi. İndi səhhətində yaranan problemlərə görə onu da edə bilmir. Dəfələrlə sosial yardım üçün müraciət etmişik, amma imtina gəlib”.

Bu şikayətlə “Qafqazinfo”ya Masallı rayonu Nəzəroba kənd sakini Leyla Nəzərova müraciət edib.

Azyaşlı övladları olduğu üçün işləyə bilmədiyini deyən L.Nəzərova hazırda heç bir gəlirinin olmadığını bildirir: “Yoldaşımın ailəsi ilə birlikdə yaşayırıq, öz evimiz yoxdur. Hazırda yaşadığımız ev də şəraitsizdir. 3 uşağım məktəbə gedir, nə geyimlərini ala bilirik, nə günlük xərclərini qarşılayırıq. Ümidimiz təkcə sosial yardıma idi, o da verilmir. 2019-cu ildən ünvanlı sosial yardım almaq üçün dəfələrlə müraciət etsəm də, hər dəfə bir bəhanə gətirərək imtina verilir. Axırıncı dəfə 2024-cü ilin iyun ayında sənədlərimi nazirliyə göndərdim. 4 ay tamam olanda gəldilər, yoxlanış apardılar, bir səhvi əsas tutaraq imtina verildi. Mən narazılığımı bildirəndə dedilər ki, “sənədlərini təzədən göndər, biz köməklik göstərərik”. Mən də təzədən sənədlərimi hazırlayaraq oktyabrın 4-ü ünvanlı sosial yardım almaq üçün nazirliyə təqdim etdim. Noyabrın 6-sı yenidən evə yoxlanış gəldi. Bu dəfə verilən vergini əsas tutaraq imtina cavabı verildi”.

Şikayətçi deyir ki, bu dəfə qaynar xəttə zəng etdikdə ona vergi ilə bağlı səbəb göstərilib: “Bildirildi ki, verginin ödənilməsi 9 aydır, təzə qaydaya görə bir il olmalıdır ki, müraciət edə biləsiniz. Ancaq mənim əlimdə 13 ayın qəbzi var. Bildirəndə ki, vergi borcum yoxdur, Masallı rayonu üzrə vergi idarəsindən arayış alaraq Dövlət Sosial Müdafiə Fonduna ərizə şəklində yazılı təqdimat verməyimi istədilər. Həmin idarəyə müraciət etdikdə isə dedilər ki, “sizə heç ərizə lazım deyil, sistemdə vergi ödənişləri görünür”. Mən bu gün nə maaş alıram, nə pul qazanıram. Yoldaşımın ağciyərində problem var. Gündəlik xərclərimizi ödəmək üçün pul tapmayan bir vaxtda zülmlə borc-xərc edib həmin vergini ödəyirəm ki, ünvanlı sosial yardım ala bilək. Amma ona da imtina gəlir”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumun mətbuat katibi Rəşad Mehdili sorğumuzla bağlı bunları bildirdi: “Masallı rayon sakini Nəzərova Leyla Möhübbət qızının ünvanlı sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti bu ilin oktyabrın 4-də olub. Ailənin sosial yardım almaq hüququna baxılarkən müəyyən edilib ki, məşğulluğu torpaq pay mülkiyyəti ilə təmin edilən ailə üzvlərinin, sahibkarlıq fəaliyyəti üzrə gəlirlərinə dair “ərizə-bəyannamə”də qeyd olunmuş məlumatlar təsdiqini tapmır. Bu səbəbdən müraciətə imtina verilib”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.