Ölkəyə gətirilən Çin istehsalı avtomobillərdə rəqəmsal radio avadanlığı varmı ?
12-12-2024, 11:14
Rəqəmsal radio yayıma keçid nə zaman baş tutacaq ?
Bu gün radio yayımın vəziyyəti ilə bağlı təşkil olunan tədbirə qatılmışdım.
RİNN və Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən tədbir daha çox ötən il Prezident sərəncamı ilə radioyayım sektorunun inkişafı üçün ayrılan 13.7 milyon manat vəsaitlə bağlı görülən işlərin Hesabatına həsr olunmuşdu.
Nazirlik, Audiovizual Şura, Teleradio Birliyi və Dövlət Radiotezliklər İdarəsi tərəfindən təqdim olunan təqdimatlarda adı çəkilən sərəncamın icrası istiqamətində qısa zamanda xeyli işlərin görüldüyü diqqət cəlb edirdi.
Ölkə ərazisində radio yayımının keyfiyyəti və əhatə dairəsi artıb, 176 radio ötürücü stansiyası quraşdırılıb, hərəkətdə olarkən eyni radioproqramın yayım keyfiyyəti yaxşılaşdırılıb, ayrılan tezlik nominalların sayı artırılıb, radio proqramlara əlçatanlıq təmin edilib, mövcud maddi-texniki baza təkmilləşdirilib.
Ümumölkə statuslu yerüstü radio kanalların sayı 17-ə çatdırılıb. Radio yayımçılara da 3 illik texnoloji dəstək veriləcək.
Əsas müzakirə predmeti həm də rəqəmsal radioya keçid məsələsi oldu.
Teleradio Birliyi artıq bir neçə ildir ki, DAB+ texnologiya ilə rəqəmsal radionu ölkə ərazisində testdən keçirir.
Rəqəmsal radioyayıma keçidlə bağlı hökumət 2024-2028-ci illəri əhatə edən tədbirlər palnını təsdiq edib.
Cari ilin sonunadək Teleqüllədən aparılan DAB+ standartlı radioyayım avadanlıqlarının yeniləri ilə əvəz edilməsi və Ağsu rayonunda yerləşən "Gülüstan" radio-televiziya yayım stansiyasından DAB+ yayımın təşkili planlaşdırılıb.
Bu sahədəki mövcud problemlərə diqqət yetirilib.
Müzakirələrdə ölkəyə gətirilən Çin istehsallı avtomobillərin bir çoxunda rəqəmsal yayımı dəstəkləyən radionun olmadığı diqqətə çatdırılıb.
Xatırladıram ki, bu texnologiya ilə təmin olunan avtomobillərdə qiymət ferqi ən azı 300-500 manat arasında dəyişir.
Müzakirələrdə DAB+ texnologiyanı dəstəkləyən cihazların ölkəyə gətirilməsinin stimullaşdırılması, hökumətin bu sahəyə dəstəyinin və güzəştlərin təşkili, bu texnologiya ilə təmin edilən avtomobillərin idxalının stimulaşdırılması, maarifçilik işlərinin təşkili məsələlərinə toxunulub.
Osman Gunduz
TEREF