AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
Dünən, 16:58
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.Layihə çərçivəsində 2024-2025-ci tədris ili üzrə ilk görüşlər Füzuli rayonunun Əhmədbəyli, Kərimbəyli və Yağlavənd kənd orta məktəblərində, İmişli rayonunun 5 və 7 nömrəli şəhər tam orta, Yusif Sadatxanov adına Aranlı kənd 1 nömrəli və H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəblərində, Beyləqan rayonunun 3 nömrəli şəhər, Kəbirli kənd 1 nömrəli və Dünyamalılar kənd 1 nömrəli tam orta məktəblərində və Humanitar təmayüllü liseydə, Ağstafa rayonunun Vurğun qəsəbə H.Əzizov adına, A.Ələkbərov adına Köçəsgər kənd 2 nömrəli, A.Mustafayev adına Həsənsu kənd və X.İsmayılov adına Eynallı kənd tam orta məktəblərində keçirilib.Ümumilikdə 15 ümumtəhsil müəssisəsində tədbirlərdə iştirak edən 850-ə yaxın şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin və bitki sağlamlığının təmin olunması, o cümlədən təsərrüfatlarda bitki mühafizə vasitələrindən düzgün istifadənin vacibliyi barədə məlumat verilib. Məktəblilər pestisidlər və onlardan düzgün istifadə, həmçinin müvafiq qaydalara əməl olunmadıqda, ətraf mühit və insan orqanizmi üçün yaratdığı təhlükələr barədə məlumatlandırıb. Eyni zamanda pestisidlərlə çirklənməyə məruz qalmış ərazilərin təhlükəlilik vəziyyəti, bu yerlərdə davranış qaydaları və ehtiyat tədbirlər haqqında məlumatlar onların nəzərinə çatdırılıb. Eləcə də pestisidlərdən istifadə və digər məsələlərlə bağlı suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb. Eyni zamanda görüşlərdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara pestisidlərə dair maarifləndirici bukletlər paylanıb.Qeyd edək ki, AQTA “Sağlam məktəbli layihəsinə 2018-ci ildə start verib. Layihə şagirdlər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və məktəblilərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir. Ötən müddətdə minlərlə şagird layihənin məqsədinə uyğun olaraq müxtəlif mövzularda məlumatlandırılıb.