Nə üçün Starlink Azərbaycanda fəaliyyətə başlaya bilmir?
Bu gün, 10:18
Qazaxıstan, Gürcüstan və Ukraynada Starlink artıq xeyli müddətdir ki, fəaliyyət göstərir. Qazaxıstanda hətta Starlink yüzlərlə ucqar məktəblərə də internet xidmətləri verir.
Bir neçə gün öncə Starlink Ermənistanda fəaliyyətə başlamaq üçün tənzimləyici qurumlardan lisenziyalarını alıblar.
Azərbaycanda isə vəziyyət fərqlidir.
Starlink rəsmiləri bəlkə də Ukraynadan sonra ilk olaraq Azərbaycana gəlmişdilər. Onlar Bakıda olublar, Azercosmos rəhbəri ilə görüşüblər.
Nazir Rəşad Nəbiyev ötən il İlon Maskla, bir neçə ay öncə isə daha bir Starlink rəsmisi ilə görüşüb.
2022-ci ilin dekabr ayında "Starlink Azerbaijan" MMC qeydiyyata alınıb.
2023-cü ilin may ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə SpaceX arasında Starlink-in internet xidmətlərinin Azərbaycanda əlçatan olması ilə bağlı müqavilə imzalanıb.
Amma buna baxmayaraq, Starlink-in fəaliyyətə başlaması gecikir.
Yəni görünən odur ki, RİNN, İKTA və Azərkosmos tərəfdən Starlink üçün hansısa texniki-texnoloji tələblərin olacağı ağlabatan deyil.
Belə olan halda düşünmək olar ki, Starlink qanunvericilikdə nəzərdə tutulduğu qaydada DTX-dan hələlik icazə ala bilməyib.
Xatırladıram ki, mövcud qanunvericiliyə görə DTX, beynəlxalq rabitə xidmətlərinə lisenziya almazdan öncə operatorlardan təhlükəsizliklə bağlı öncədən müəyyən olunan tələblərin yerinə yetirilməsi ilə bağlı zəruri avadanlıqların quraşdırılmasını tələb edir. Məhz bundan sonra operatorlar bu icazəni təqdim etməklə lisenziya üçün müraciət edə bilirlər.
Beləliklə, güman etmək və düşünmək olar ki, Starlink bu tələbləri yerinə yetriə bilmədiyindən hələlik belə bir icazəni ala bilməyib.
Maraqlıdır ki, bu gecikmə ilə bağlı Azercosmos -da heç bir açıqlama verməyib.
Bəlkə də bizim bilmədiyimiz digər problemlər ola bilər.
Medianın bu məsələni diqqətdə saxlaması və aidiyyatı qurumlardan sorğulaması faydalı olardı.
Yəni görünən odur ki, Azərbaycanda bu proses ləngiyir.
Amma əslində peyk internet üçün prosesə ilk başlayanlardan biri də biz olmuşduq.
Düşünürəm ki, həm bir alternativ olaraq, həm də ucqar bölgələrdə yaşayan insanlar üçün, təhsil və mədəniyyət qurumları üçün Starlink ölkənin rəqəmsal inkişafına böyük töhfə verə bilər.
Ümid edirik ki, bu gecikmə tezliklə aradan qaldırılacaq və Azərbaycan da peyk internetindən yararlanan ölkələr sırasında yer alacaq.
Xatırladıram ki, Starlink peyk internet xidməti hazırda 113 ölkədə fəaliyyət göstərir.
Osman Gunduz
TEREF