10 saata 46 min manat - Tiktokun görünməyən tərəfi, yaxud gey şirlər
Bu gün, 09:28
Kulis.az Eminqueyin "Alçaldılmışlar və təhqir olunmuşlar" yazısını təqdim edir.
Pəncərədə səhər axşama, gündüz gecəyə çevrilir. Saatın ritmləri üstündə tik tok, tik, tok, tik, tok, TikTok...
Necə ki tik-toklara qulaq kəsilmək insanı saatın əqrəblərindən qoparıb başqa bir dünyaya aparır, TikTok da eyni mərama xidmət edir. İnsan zamanəni dolayıb barmağına sərir, zaman yoxa çıxır.
Bayağılığın leytmotivi: Azər zahirən və daxilən
Nə var bu pəncərədən o yanda, bəlkə də, içində?! Mənimlə eyni ölkədə doğulan, eyni havanı udan, eyni dildə danışan azərbaycanlı - mən onu yaxşı tanıyıram. O, bu pəncərədən o yanda içində yarım qalmış “mən”lərini axtarır. Və onun yarım qalmış mənləri Azər Zahidin “Təkərdə” verilişində bir yerə toplaşıblar. Çox təəssüf, çox. Ki, onun daxili dünyasının yarımçıqları baboşlar, roşkalar, ləmanlar, ilhamələrdir. Çox heyf, çox. Ki, bu verilişə eyni vaxtda mənimlə eyni ölkədə doğulan, eyni havanı udan, eyni dildə danışan 30 min, ümumilikdə isə 200-300 min, hətta yarım milyon insan baxır.
Bir vaxtlar kafe-kafe, ocaq-ocaq gəzib onların doğru-düzgün işləyib-işləmədiyini yoxlayan Azər Zahid bu gün TikTokda hər şeyə əl atır ki, baxımlı olsun, pul qazansın. Mənəvi antisanitariya şəraitində keçən bu verilişin saymağa hövsələmin çatmadığı sayda sponsoru var. Böyük hədiyyə maşındır. Yayım ərzində 1-2 milyondan çox jeton, yəni, 20-30-40 min manata yaxın pul atılır. Bu hədiyyələri atanların arasında şirkətlər də var, məmurlar da, sıradan adamlar da. Kimisi reklamı üçün xərcləyir, kimisi qara pul yuyur, kimisi də cibindəki son iki manatını atır. Niyə? Nə üçün? Nədən ötrü? Qıy-qışqırır, mənasız adamların mənasız davaları, rəqabəti və sairə.
Mənimlə eyni ölkədə doğulan, eyni havanı udan, eyni dildə danışan azərbaycanlılar onlar üçün ən dəyərli olan iki şeyi – vaxtını və zamanını bu avaragor tiktok-şoulara xərcləyir, gündəlik söhbətlərində əsas mövzuya çevirir, sabahını bu avarılıqla açır, gecəsini bu sərgərdanlıqla bitirir.
İndi gəlin pərdəni açaq, görək, əslində, işin mahiyyəti nədən ibarətdir. Pəncərənin bu tərəfində mənimlə eyni ölkədə doğulan, eyni havanı udan, eyni dildə danışan azərbaycanlılar ki var, onların dərdi budur – söymək, söyüş eşitmək, hırıldamaq. Yayımçı hər kimdirsə, onun yayımında bunlar yoxdursa, ona baxmağa və pul xərcləməyə dəyməz. Pulunu ver, çal tütəyi. Və bir də, diqqət fahişəliyi. Hamı adını eşitsin deyə, kartındakı son ədv-ni də jetona xərcləmək. Bir növ, tamadadan söz istəmək xəstəliyi.
Pəncərənin o tərəfində isə böyük bir şəbəkə və bu şəbəkənin oyunçuları dayanır. TikTokun gündəlik sıralamasına baxmaq lazımdır. O gündəlik sıralama ümumi mənzərədir. Oraya düşmək ən böyük məqsəd və qələbədir. Çünki o sıralamada aaadan zeeeyə hamı səni görür. Oraya düşmək üçün sənə gündəlik azı 10 min manatlıq jeton atılmalıdır. 99 yerlik bu sıralamadakı xalları hesablayıb Tiktokda bir günə nə qədər pul dövr edir, bilmək olar. Hələ mən təkcə sıralamanı deyirəm.
Və ərinmirəm, girib 99 nəfərlik sıralamada bir-bir hamıya atılan hədiyyələri hesablayıram. 2 milyon 700 min jeton, yəni, 46 min manat. Nəzərə alın ki, mən bu rəqəmləri Tiktokun ən passiv saatlarında – 12:00-da hesablamışam. Tiktokda yayımlar və hədiyyələr axşam işə düşür. Bunların biri canlı yayımda ora-burasını göstərir, biri dayanmadan söyür, biri gələn-gedənə söz atır, biri geydir, biri meyxana deyir, biri yatır, biri tullanıb-düşür.
Jeton şəbəkəsi...
Bu işlə ayrı-ayrı qruplar məşğul olur. Böyük komandalardır. Onlar jeton balansı olan bu yayımçılardan 1000 jetonu 15-16-17 manat kursu ilə alır, onlara hədiyyə atmaq istəyənlərə 19-20-21 manatdan satır. Maşın belə işləyir: Yayım açıram, hər hansı səbəbdən mənə 10 min jeton atılır, onun yarısı Tiktokun özünündür, 5 min jeton mənim qazancımdır. Bunu mənə atan Əhməddir. Əhmədin atdığı jetonu pula çevirmək üçün bu qruplara müraciət edirəm. Onlar məndən bu jetonu ya hesabıma daxil olmaqla, ya öz yayımlarda sandıq qoymaqla, ya da kiməsə hədiyyə atmaqla alırlar və sonra yenə lazım gəlsə, Əhmədə satırlar. 5 min jeton, yəni, Əhmədin cibindən çıxan 210 manat dövriyyədə 85 manat kimi qazanca çevrilir, daha sonra Əhməd yenə 10 min jeton almaq istəsə, 210 manat ödəyir, sonra yenə 85, sonra yenə 210. Burada yayımçı 85 manat qazanır, tiktok 85 manat qazanır, jeton alıb-satan isə 40 manat. İtirən isə Əhməddir.
Bu jeton alış-verişi edənlərin azı əlliyə yaxın virtual işçisi olur. Əgər jetonunu sandıq şəklində satmaq istəyirsənsə, onların 50 nəfərin nəzarətində olan canlı yayımına girirsən, sandıq qoyursan, jetonu götürürlər. Nəzarət ona görədir ki, kimsə yayıma girib sandıqdakı jetonu oğurlamasın. Bütün bunlar ona görə belədir ki, Tiktokun Azərbaycanda rəsmi filialı yoxdur və heç bir yayımçı pulu kartına birbaşa köçürə bilmir. Və elə bu səbəbdən də vergi söhbətləri bu işin içinə daxil olmur.
Bir ovuc insanın qeyri-ciddi yanaşdığı bu şəbəkədə ciddi proses gedir. Pul dövriyyəsi ilə yanaşı hər gün yeni bir obraz yaranır. Bu obrazların cəmiyyətə böyük təsiri formalaşır, onlar kumirə çevrilirlər.
Fəsadlar, qənaətlər və Kərəmin od tutub alışdığı məqam
Məsələn, hansısa 9-cu sinif şagirdi baxır ki, özündən beş-üç yaş böyük biri yayım açır, boş-boş danışır, boş-boş videolar çəkir, amma həftəlik qazancı 3-5 min civarındadır, firmalar, şirkətlər videolarına sponsorluq edir. Düşünür ki, mən 9 il oxumuşam, hələ 2 il də oxumalıyam, universitetə girmək üçün dəridən-qabıqdan çıxmalıyam, 4 il universitet oxumalıyam, sonra isə hansısa işdə ən yaxşı halda 800-1000 manat arası maaşa işləməliyəm. Mənə lazımdır bu?
Tiktokda hesab açım, gic-gic videolar çəkim, izləyici yığım, sonrası da oturduğum yerdə qazanım da. Burada itirdiyim enerjinin əvəzinə simamı itirim, mənəviyyatımı itirim, ondan yaxşıdır. Mənim simamı qorumağıma, alnımın tərinə minimum əməkhaqqı verirlər, amma simasızlığıma, mənəviyyatsızlığıma həftəlik üç-beş min. Lap yaxşı simasız, mənəviyyatsız olsam, hansısa məmur da sponsorluq edər. Hamı söyəcək, amma bu söyüşlər əvvəl-axır sevgiyə çevriləcək.
Ləman adlı tiktoker deyirdi ki, bir gün qəfil uşaqlar dedilər tiktok aç, utanırdım onda belə şeylərdən. Nəsə, ağlıma batdı, bir gün yayım açdım, ağzıma gələni danışırdım, gördüm dayanmadan izləyici artır, hədiyyələr gəlir, o gün-bugün Ləman indi sevilən tiktokerlərdən biridir. Hamı onun kiməsə söz soxmağını, kimisə söyməyini, məişət söhbətlərini tirajlayır, sən “kişi kimi qadınsan” deyib pul xərcləyir.
İşsiz-gücsüz qazilərin, xəstələrin, hətta şəhid analarının da qazanc yerinə çevrilib Tiktok. Ürəyin nə cür istəyir, o cür də insan tapa bilərsən burada. Məmurlar çirkli pullarını burada təmizə çıxarırlar. Yayımçı ilə danışırlar, böyük hədiyyələr atılır, sonra “geri çəkim” yolu ilə çəkilir, müəyyən faizi yayımçıya verilir. Türkiyədəki ard-arda həbslər buna yaxşı nümunədir.
Azər Zahid kimi hər şeyə biznes gözü ilə baxanlar da bütün bu səydərəş obrazları bir yerə yığıb bir-biriylə qırışdırır, pulunu qazanır. Yenə xatırladıram, yazını yazdığım vaxt, 12:00-da sıralamada 46 min pul var.
Nəzarətsiz qaranlıq, yaxud jetonun kölgəsində
Şəxsi təcrübəmdən yola çıxıram. Artıq 4 ildən çoxdur ki, bu platformada mən də varam. Düşündüm ki, mətbuatda dərc olunan yazılarımı vizual formada təqdim edim. Tiktokda hər təbəqənin olduğunu bilirdim. 4 il ərzində yalnız yazılarımı, düşüncələrimi vizuallaşdırmaqla 66 min daimi izləyici toplaya bilmişəm. Canlı yayımlarımdan qazancım olsa da, bu dəryadan bir damladır və mənə bu pulu qazandıran insanların hamısı ya tanıdığım adamlardır, ya da düşüncəmə, sözümə diqqət edənlər.
Bu dörd ildə analiz edə-edə başa düşmüşəm ki, TV-lərin bayağılığından şikayət edən adamlar necə saxtakardırlar. Anlamışam ki, bu gün gəlib mənim yayımımda baboşlar, roşkaları, azərləri pisləyən adamlar yayımımdan çıxıb gedib onlara baxırlar.
Mənimlə eyni ölkədə doğulan, eyni havanı udan, eyni dildə danışan azərbaycanlılar səs-küy, qıy-qışqırıq, söyüş, baldır, sinə, bambılılıq istəyir. Bir qəpiklik hədiyyə ilə yayımçını özü-özünə şillələtdirmək imkanı var. Ciddi sözümdür. Bir qəpiklik hədiyyə at, məsələn, Dəli Mirzağa adlı yayımçı özünü şillələsin. 10 qəpiklik hədiyyə at, dombalaq aşsın, 1 manatlıq at, ulasın. Öz əzikliyini, müdirə deyə bilmədiyi sözləri, tökə bilmədiyi hirsi, banka olan nifrətini belə çıxır bizimkilər.
Düzdür, aslanın dişisi, erkəyi olmaz, fəqət mən şəxsən geyə çevrilən şir görmüşəm Tiktokda.
Və çox təəssüf ki, Tiktok qlobal məsələdir. O qədər qlobal və ciddi məsələdir ki, Əfqanıstanda, Hollandiyada, Danimarkada, Belçika, Kanada, Norveç kimi ölkələrdə qadağan olunub. Çoxusu da dövlət təhlükəsizliyi səbəbilə.
Dövlətin təhlükəsizliyi dövlətin məsələsidir. Yəni, onu qoruyan əsas qüvvə dövlət orqanlarıdır. Bəs, bizim öz təhlükəsizliyimiz? Təhlükəsizlik təkcə kiminsə başımıza silah dirəməsi, burnumuzun dibində bombanın partlaması deyil axı. Biz həm də mənəvi terrora məruz qalmışıq və dərd orasındadır ki, təslim olmuşuq, zövq alırıq.
Yoxlama aparmaq lazımdır.
Əvvəlcə, özümüzdə, sonra isə...
“Pəncərənin iki üzü var, biri çirkli, o biri isə təmiz. Hərçənd, bir üzü təmizdir, pəncərədən görünən mənzərə, əlbət, çirklidir, bulanıqdır.
Ovcumuzun içindədir dövrümüzün pəncərəsi. Heç hara addım atmadan dünyanı, hətta özünü görmək istəyirsənsə, hansı barmağınla rahatdırsa, onunla toxun bu pəncərəyə. Sürüşdür yuxarıya, sürüşdür. Cürbəcür adamlar çıxacaq qarşına. Ağıllısı, dəlisi, əxlaqlısı, pozğunu, qocası, cavanı, uşağı bu pəncərədən sənə səslənəcək, sənin üçün danışacaq, səndən ötrü oynayacaq, sənə görə güləcək, sənin yolunda qışqıracaq. Heç hara addım atmadan heç hara addım atmayan adamlar görəcəksən. Seçim sənindir, seç özünə birini – ya ağıllısını, ya dəlisini, ya əxlaqlısını, ya pozğununu, ya da...
Mən bilirəm, sən kimsən. Eyni ölkədə doğulmuşuq, eyni havanı udmuşuq, eyni dildə danışmışıq, amma mən sənə görə qorxuram. Bu dəqiqə o pəncərədən yıxılacaqsan. Dişim dırnağımı yeyir ki, bu dəqiqə hansısa pozğunun, hansısa dəlinin, hansısa şəxsiyyətsizin qucağına düşəcəksən. Bağla pəncərəni, bağla, başını soyuq aparacaq, əzizim...“
kulis.az