Sinifdə 30-dan çox şagird VARSA… - Tədrisin keyfiyyətindən danışmaq OLAR?

Bu gün, 16:49           
Sinifdə 30-dan çox şagird VARSA… - Tədrisin keyfiyyətindən danışmaq OLAR?
Müəllimin öyrətmə metodlarıyla yanaşı, şagirdin dərsi necə qavraması da önəmlidir. Yəni, şagird anlamadığı bir nüans, sual olduqda bunu müəllimdən rahatlıqla soruşmalı, qarşılıqlı diskussiya edilməlidir ki, dərsi rahat qavramaq mümkün olsun.

Ancaq bəzi siniflərdə şagird sayının 27, 30, hətta 30-dan çox olması şagirdlərin dərsi qavraması baxımından müəyyən maneələr yaradır. Belə ki, müəllim dərsi danışsa belə, şagirdlərin sayı çox olduğu üçün bütün sualların cavablanmasına yetəri qədər vaxt qalmır. Buna görə də şagirdlərin ağlında anlaşılmayan məqamlar qalır, onlar müəyyən qədər çətinlik çəkirlər.

Bizim.Media-ya açıqlama verən 9-cu sinif şagirdi Ələkbər Məmmədov (şərti ad) deyir ki, siniflərində 27 şagird var. Bir dərs isə 45 dəqiqədir. Dərsin izahına, bəzi yoxlamalara, qiymətləndirilmələrə və s-yə yetərincə vaxt gedir. Nəticədə, mövzuyla bağlı aydın olmayan suallar qalsa da, şagird sayı çox olduğu üçün hamıya vaxt çatmır.

Təhsil eksperti Adil Vəliyev də saytımıza açıqlamasında bu fikirləri təsdiqləyir. O, siniflərdə şagird çoxluğunun tədrisə mənfi təsirlərindən danışıb:

“Bəli, orta məktəblərdə bir sinifdə olan şagirdlərin sayı kifayət qədər çoxdur. 30-35, hətta ondan çox belə şagirdin olduğu siniflər var. Bu da sözsüz ki həmin məktəbdə tədrisin kifayət qədər yaxşı olmamasına səbəb olur. Çünki bir dərs vaxtı ərzində müəllim şagirdə fərdi yanaşa bilmir, onların tapşırıqlarını yoxlaya bilmir”.

Ekspert şagird sayı ilə aşağı sinifdən repetitor yanına gedənlərin sayının çox olmasını əlaqələndirib:

“Şagirdin anlamadığı bir mövzu olduqda müəllimlə diskussiya apara bilmir. Nəticədə, şagirdlər aşağı siniflərdən başlayaraq fərdi şəkildə müəllim yanına gedirlər, kurslara üz tuturlar. Məsələylə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən dəyərləndirmələr aparılmalı, müəyyən qərarlar verilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.