Xronika: "Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi"

Bu gün, 16:24           
Xronika: "Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Suriyada itirən Ermənistanı Zəngəzurda gözləyən məğlubiyyət" adlı süjetdə Suriyada Bəşər Əsədin devrilməsindən sonra təkcə Yaxın Şərqdə yox, geosiyasi müstəvidə yeni yaranan reallıqlardan bəhs olunub.

Bildirilib ki, post-Əsəd dövrünün reallıqlarında qazananların Türkiyə və ABŞ-İsrail cəbhəsi, itirənlərin isə Rusiya-İran cəbhəsi olduğu aydın görünür. Lakin rəsmi Moskva öz itkilərini müəyyən qədər kompensasiya etmək imkanını hələ də saxlasa da, rəsmi Tehran strateji məğlubiyyətlə üzləşib.

Qeyd olunub ki, Əsəd rejimi daim anti-Azərbaycan mövqeyi ilə seçilib: "İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın Ermənistanla bağlı irəli sürdüyü qərar və qətnamələrə qoşulmaması, veto qoyması bunun bariz nümunələrindəndir. Nuseyri azlığının nümayəndəsi olan Əsəd Suriyada etnik azlıq olan ermənilərlə sıx əlaqədə idi və həm daxili, həm xarici siyasətində ermənipərəst addımlar atması ənənəvi hal almışdı. Qarabağın işğalı dövründə Ermənistanın Suriyadan Azərbaycan ərazilərinə qanunsuz şəkildə əhali köçürməsi, eləcə də 44 günlük müharibədə Suriyadan muzdlu döyüşçülərin Qarabağa daşınması siyasətinə Əsəd rejimi yaxından dəstək verirdi. Bu rejimin devrilməsi Yaxın Şərqdə ermənilərin Azərbaycana qarşı müxtəlif məqsədlər üçün istifadə etdikləri platformanın ləğv edilməsi deməkdir".

Süjetdə Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın telefon danışığı zamanı post-Əsəd dövründə atılacaq addımları müzakirə etməsinə, Azərbaycanın Türkiyə ilə birlikdə Suriya xalqına humanitar dəstək verəcəyinə də toxunulur: "Azərbaycanın Suriyada, ümumilikdə Yaxın Şərqdə qazanan tərəf olması reallığı fonunda Ermənistanın itirən tərəfə çevrilməsi diqqətdən yayınmır. Çünki Ermənistan üçün ən böyük itki Suriyadakı proseslərin Cənubi Qafqaza, birbaşa Zəngəzura təsirləridir".

Diqqətə çatdırılıb ki, bu reallıqlar Bakı-İrəvan danışıqlarında Azərbaycanın gündəliyinin Ermənistan tərəfindən qəbul edilməsini sürətləndirəcək amildir və mövcud geosiyasi şərtlər Ermənistanı reallıqlarla barışmağa məcbur edir.

Erməni politoloqlar Hrant Melik-Şahnazaryan və Sergey Melkonyan iddia edirlər ki, Türkiyənin Suriyadan sonrakı hədəfi Cənubi Qafqazdır: "Təbii ki, Ermənistan üçün təhlükə Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı planlarıdır. Bu prosesdə İranın zəifləməsi vacib rol oynaya bilər".

Sonda vurğulanır ki, Suriyadan Cənubi Qafqaza uzanan yeni geosiyasi reallıqlar Ermənistan ətrafında çəmbəri daha da daraldır: "Rəsmi İrəvan üçün yeganə çıxış yolu Bakının tələblərini qəbul etməkdir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.