Sanksiya altında olan rusiyalı senator 4 il ABŞ-dəki payından faydalanıb
Bu gün, 00:11
Rusiyalı senator Süleyman Kərimov Trampın birinci prezidentliyi dövründə sanksiyaya məruz qaldıqdan sonra Maskın rəhbərlik etdiyi “SpaceX”də trast fondu vasitəsilə pay sahibi olub.
Bu barədə “Bloomberg” yazıb.
Məlumata görə, 2017-ci ildən Delaverdə yerləşən “Heritage Trust” vasitəsilə “SpaceX”də paya sahib olub. 2018-ci ildə Kərimova qarşı sanksiyaların tətbiqindən sonra “Heritage Trust”ı idarə edən “Citigroup” ABŞ Maliyyə Nazirliyi ilə məsləhətləşərək belə qənaətə gəlib ki, fondun və əlaqəli strukturların bloklanmasına ehtiyac yoxdur.
Dörd il sonra, 2022-ci ilin iyununda Maliyyə Nazirliyi rusiyalı senatorun ABŞ-dakı aktivləri üçün yaradılmış 1 milyard dollarlıq trastı bloklayıb. Bu, müstəntiqlərin onun bu trasta marağını gizlətmək üçün yaradılmış hüquqi strukturların və yalançı şəxslərin mürəkkəb sistemini aşkar etdikdən sonra baş verib.
ABŞ Maliyyə Nazirliyinin sözçüsü Andrea Qaki bildirib ki, sanksiyaların tətbiqindən sonra təxminən dörd il ərzində Kərimov ABŞ-dəki 1 milyard dollardan çox olan aktivlərə nəzarəti saxlayıb və onlardan faydalanıb.
“Bloomberg” qeyd edib ki, senatorun “SpaceX”dəki payı Xəzinədarlığın müsadirə proseduruna başlamasından öncə satılıb.
“Citigroup” indi də “Heritage Trust” hesabını idarə etsə də, Xəzinədarlıq tərəfindən dondurulduğu üçün maliyyə əməliyyatlarını həyata keçirə bilmir.