Azərbaycanda neft hasilatı bir az da azalıb: - Proqnozlar yenə özünü doğrultmaya bilər

Bu gün, 09:47           
Azərbaycanda neft hasilatı bir az da azalıb: -
Azərbaycanda neft hasilatında o qədər azalma var ki, tezliklə nələr baş verəcəyini təsəvvür etmək olmur. Daha hər il yox, hər ay geriləmə qeydə alınır. 2025-ci ilin ilk iki ayında cəmi 4,5 milyon ton neft hasilatı olub. Keçən ilin eyni dövrü ilə müqayisədə 6,25 faiz geriləmə var. Bu minvalla illik proqnoz yenə özünü doğrultmaya bilər.
Bizimyol.info xəbər verir ki, fevralda gündəlik neft hasilatı kondensatla birlikdə 77,5 min ton olub. Yəni 584 min barel hasilat qeydə alınıb. Bunun 63,1 min tonunu (465 min barel) xam neft, 14,4 min tonunu (119 min barel) kondensat təşkil edib.

Hasilatın daha böyük hissəsini “Azəri-Çıraq-Günəşli” həyata keçirib. Bu yataqdan 2,6 milyon ton məhsul əldə edilib. SOCAR 1,2 milyon ton məhsuldarlıq göstərib. “Şahdəniz” yatağından 600, “Abşeron”dan isə 100 min ton neft hasil edilib.

İki ay ərzində 3,7 milyon ton neft kondensatla birlikdə ixraca nəql olunub. Bunun 3,2 milyon tonu konsorsiumların, 400 min tonu SOCAR-ın, 100 min tonu isə “Abşeron” yatağının payına düşüb.

Bütün göstəricilər üzrə azalma rəsmiləşib. Təkcə neft emalının artdığı bildirilir.

İki ay ərzində cəmi 4,5 milyon ton neft hasil edilməsi çox aşağı göstəricidir. Bu belə deməyə əsas verir ki, ilin sonuna qədər 27 milyon ton civarında neft hasilatı mümkün olacaq. Halbuki rəsmi proqnozlar daha yüksək nəticəyə ümid etməyə imkan verirdi.

Hələ keçən il 29,2 milyon ton neft gözlənilirdi. Amma hasilat 150 min tona qədər az oldu. Belə hesab edilirdi ki, 2025-ci ildə 28,7, 2026-cı ildə isə 27,8 milyon ton neft hasil edə bilərik. Zamanla yalnız azalma qeyd olunmuşdu. Lakin heç göstərilən rəqəmlərə də çata bilmirik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.