Sığorta sektorunda vəziyyət qəlizləşir: Mənfəət azaldıqca zərərlilik də artır - ARAŞDIRMA

23-04-2025, 11:38           
Sığorta sektorunda vəziyyət qəlizləşir:
Ayrı-ayrı iqtisadi sahələr üzrə illik, yarımillik, rüblük hesabatlar yalnız papağı qarşıya qoyub düşünməyə material verir. Az qala bütün istiqamətlərdə geriləmə var. Belə təəssürat var idi ki, sığorta sektorunun maliyyə problemləri yoxdur, daha çox müştərilərlə iş müstəvisində ədalətsiz yanaşma görünür. Amma zamanla təkcə müştərilərin narazı qalmasının əsas çatışmazlıq olmadığı üzə çıxdı. Sığorta sektorunda vəziyyət əməlli-başlı qəlizləşib.

Bizimyol.info xəbər verir ki, 2024-cü ildə sığorta sektorunun mənfəəti 9 milyon manat və ya 5 faiz aşağı düşüb. Sektorun zərərlilik dərəcəsi isə 1 faiz bəndi artıb. İndi şirkətlər yığımların 85 faizini müştərilərə ödəməli olur. Halbuki ənənəvi göstərici 65 faizi keçmir. Yəni qəbul olunmuş prinsiplər yığımların uzağı üçdə ikisinin ödəniş kimi geri qaytarılmasını özündə əks etdirir.

Son günlər ortaya atılan fikirlərdən belə anlaşılır ki, şirkətlərin icbari sığorta haqlarını artırmaq planı var. Çünki məsələ sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb. Şirkət nümayəndələri yazır ki, sığorta haqqı və təminat aşağıdır, buna görə də zərərliliyin indiki halı qaçılmazdır.

Hələ 2024-cü ilin iyununda açıqlanmışdı ki, yanvar-may aylarında sığorta sektorundakı zərərlilik 79 faizə çatıb. Özü də bu, xüsusi həyəcanla qeyd olunmuşdu. Çünki bir il əvvəlin eyni dövrü ilə müqayisədə 17 faiz bəndi artımdan söhbət gedirdi.

Digər yandan açıqlanan statistika da şübhəli görünür. Doğrudanmı sığorta şirkətləri bu qədər ödəniş həyata keçirirlər? Adamın heç inanmağı gəlmir. Şirkətlərin sosial media səhifələrində nə vaxt baxsanız, çoxsaylı şikayətlər görə bilərsiniz. Müştərilər əksər epizodlarda narazı qalırlar.

Ekspertlər deyir ki, Çindən yeni, eyni zamanda keyfiyyətsiz avtomobillərin gətirilməsi sığorta şirkətlərinə böyük zərər vurur. Guya kasko sığortası bu bazarda heç sərf etmir. Bütün hallarda çıxış yolu məhz sığorta haqlarının artırılması deyil. Çünki sürücülərin əksəri yaşı 10-dan yuxarı olan avtomobilləri sürmək məcburiyyətindədir. Həmin nəqliyyat vasitələri də, adətən, normal ödənişlərə iddia edə bilmirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.