Azərbaycanın daxili və xarici dövlət borcunun yeni tərkibi açıqlandı
Bu gün, 16:31

Azərbaycanın bu il aprelin 1-nə 26 milyard 615,2 milyon manat təşkil etmiş daxili dövlət borcunun 8 milyard 847,6 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 153,7 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
Qaynarinfo bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 16 %-i 1 illik, 73,8 %-i 2 və 3 illik, 10,2 %-i isə 5 il və daha artıq müddətli olub.
Martın sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,33 il təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin aşağı düşməsinə səbəb olub.
Aprelin 1-nə 5 milyard 67,0 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,6 %-i elə dollarda olub.
Məlumata görə, borcun tərkibində avro 6 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,5 %, yapon yeni 3,3 %, digər valyutalar isə 1,6 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 %-ni, sabit dərəcə ilə olanlar isə 51,1 %-ni təşkil edib.
Xarici dövlət borcunun 49,9 %-i 5 ilə qədər olan müddətdə, 44,2 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.