Rusiyadan gələn pullar kəskin azaldı: "Daşınmaz əmlak, avtomobil bazarı zərər görəcək"
Dünən, 09:34
"Rusiyadan pul köçürmələrinin azalması son 10 ildir ki, davam edir. Son 2 ildə isə kəskin azalmalar müşahidə olunur. Onların ən əsas səbəblərindən biri sankisyalara görə pul köçürmələrinin çətinləşməsidir. Həddən artıq yüksək inflyasiya və qiymət artımı azərbaycanlıların qazancına təsir edir. Qazanc azaldığı üçün ölkəyə göndərilən pulların da miqdarı kəskin azalıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Azərbaycana gələn vəsaitin azalması xüsusilə regionlarda iqtisadiyyata təsir göstərəcək:
"Hansılar ki, onların asılılığı var idi. Daşınmaz əmlak bazarında, avtomobil bazarında Rusiyadan gələn pullar aktiv rol oynayırdılar. Vəsaitin azalması bu bazarlarlara da təsirsiz ötüşməyəcək".
Qeyd edək ki, son 2 il ərzində Rusiyadan Azərbaycana edilən pul köçürmələrinin həcmində kəskin azalma özünü göstərir. Statistikaya əsasən, 2023-cü 1 milyard 47 milyon dollar, 2024-cü ildə isə 410 milyon dollar təşkil edib. Xüsusən 2023 və 2024-cü illər arasında radikal azalma diqqət çəkir.