Bitməyən kommunal problemlər: Niyə əhali əziyyət çəkməlidir? - Görünəni odur ki...

Bu gün, 08:40           
 Bitməyən kommunal problemlər: Niyə əhali əziyyət çəkməlidir? - Görünəni odur ki...
Ölkədə davamlı olaraq müxtəlif kommunal xidmətlərlə bağlı problemlərin şahidi oluruq.

Demək olar ki, hər gün paytaxtın hansısa bir ərasizində suyun, yaxud təbii qazın olmayacağı ilə bağlı xəbərdarlıq edilir. Nəticədə isə sakinlər günün əksər hissəsini kommunal xidmətlərdən yararlana bilmirlər.

Maraq doğuran odur ki, kommunal xidmətlərin qiymətlərində istənilən zaman artım müşahidə edilir. Ancaq qaz, su olmadıqda sakinlərin gündəlik dolanışığını necə təmin edəcəkləri müvafiq qurumları heç düşündürmür.

Yeni tikilən binaların sakinləri su olmadıqda anbarlardan istifadə etsə də, köhnə binalarda çənlərin istifadəsi qadağan edildiyi üçün sakinlər bu imkandan da yararlana bilmir. Ancaq bir sıra xarici ölkələrdə kommunal xidmətlərlə bağlı belə problemlər yarandığı zaman müvafiq qurumlar alternativ variantlar təqdim edirlər.

Ölkəmizdə müxtəlif kommunal xidmətlərə niyə alternativ variantlar təqdim edilmir?

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Cebheinfo.az”a bildirib ki, hələ bir neçə il öncə Bakıya Oğuzdan gələn suyun monitorinqini aparıblar:

“Orada ilkin olaraq bu kəmər haqqında məlumat verəndə yazılmışdı ki, həmin kəmərin reallaşdırılması nəticəsində Bakı və ətraf rayonlar, yəni Abşeron 24 saat fasiləsiz su ilə təmin olunacaq. Bu öhdəlik yerinə yetirilmədi.

Bunun müəyyən səbəbləri var. Birincisi, o suyu əhaliyə çatdıra bilmədilər. Hətta dedilər su zavodu tikiləcək. Yəni nəzarət olmadı yaxud da önəm verilmədi və su Abşeronu tam təmin eləmədi.

Görünən odur ki, yaxşı idarəetmə, nəzarət olmayıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq. Həm də alternativ kəmər də nəzərdə tutulmamışdı. Yəni Bakıya başqa ərazilərdən də su çəkilə bilərdi.

Ona görə ki, dağlıq ərazidən keçən su quyuları düzgün qazılmadı. Bundan başqa müqaviləni götürüb oxuduqda burada qurum vətəndaşa söz verir ki, “gün ərzində keyfiyyətli su ilə təmin olunacaqsız”.

Vətəndaşın da bunun müqabilində öhdəliyi var ki, işlətdiyi suya görə ödəniş etsin. Qurumların məsuliyyətliliyi var. Yəni müqavilə şərtlərini yerinə yetirmirlər. Bu qaz təminatına da aiddir.

Mənə şəkillər göndərirlər və qaz kəmərlərinin keyfiyyətsiz olması, yeniləri ilə əvəz edilməməsi, nəzarətin olunmaması kimi "Azəriqaz" İstahsalat Birliyi ilə bağlı faktlar ortaya qoyuram. “Azəriqaz”la bağlanan müqavilədə də öhdəlik öz əksini tapıb.

Onlar öhdəliyi yerinə yetirməməsi ilə bağlı istehlakçı bu qurumları məhkəməyə də verə bilər. Çünki yaranmış problemlə vətəndaşa ziyan dəyib. Yəni aylıq normanı təmin edə bilmir. Eləcə də onlar hökumət qarşısında cavab verməlidir ki, niyə əhali bu qədər əziyyət çəkməlidir?

Tez-tez eşidirik ki, qazlaşdırma artıb. Ümumiyyətlə, müvafiq qurumların məsuliyyətsizliyi, öhdəliyi yerinə yetirməməsini görürük. Alternativ təkliflər təqdim etmirlər. Hər gün eşidirik ki, qaz, su kəsilib. Niyə? Müvafiq qurumlar bu problemlə bağlı məsuliyyətə cəlb olunmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.