Ayaz Salayevin “qorxulu Röyası”... - "Azərbaycan musiqisinin mədəniyyət səfiri" adını daşımağa kim layiqdir?

Dünən, 09:38           
Ayaz Salayevin “qorxulu Röyası”... -
Bir neçə gündür sosial şəbəkələrin və mətbuatın aparıcı gündəm mövzularından biri tanınmış rejisssor Ayaz Salayevlə müğənni Röya arasında yaranan qalmaqaldır. Qısa desək, Ayaz Salayev Röyanı Kann Festivalındakı qırmızı xalının üzərinə çıxmasını və bununla özünü reklam etməsini qınayıb, dolayısı ilə müğənnini görməmişlikdə günahlandırıb. Əcəb də edib... Salayev onu da əlavə edib ki, Röyaya təqdim edilən "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatının Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur. Bunu da doğru deyib. Röya isə buna öz “intellektinə” və səviyyəsinə uyğun olaraq, təhqirlə cavab verib ki, bunu da burada təkrarlamağa lüzum görmürük...

Hər nə isə bu qalmaqala adi şou-maqazin hadisəsi kimi baxıb diqqət verməmək doğru olardı. Lakin ortada rəsmən “Xalq artisti” adı daşıyan birisi, onun "Azərbaycan musiqisinin mədəniyyət səfiri" kimi təqdim olunması və bunda böyük ehtimalla son on illərdir yarımadığımız Azərbaycan Mədəniyyət Nazirliyinin rolu məsələsi var. Bu seçimi kim edib, “mədəniyyəti” hamıya bəlli olan bu adamı kim ölkəmiz adından “mədəniyət səfiri” səviyyəsinə qaldırıb? Doğrudanmı, "Azərbaycan musiqisinin mədəniyyət səfiri" adını daşımağa layiq olan başqa birisi yoxdur? Ümimiyyətlə, bizim bir çox nazirliklər kimi, Mədəniyyət Nazirliyi və naziri sarıdan bəxtimiz nə vaxt açılacaq?

İndi də ictimai şüurun geri qaldığı və ictimai savadsızlığın geniş yayıldığlı hazırkı mühitin acı reallıqlarına uyğun olaraq, az qala daş karxanasındakı fəhlədən akademiya işçisinə qədər hamı “Ayaz Salayev, yoxsa Röya” seçimi üzərində “baş sındırır”...

Doğrudur, Ayaz Salayevin özünün Azərbaycan milli kimliyinin dərk edilməsi və bunun əhəmiyyəti, eləcə də regiondakı geosiyasi prosesləri, Rusiyanın, rus dilinin bölgəmizdəki gerçək siyasi missiyasını anlamaq sarıdan ciddi problemləri var. Bu baxımdan rus dili ilə bağlı məlum çıxışlarına görə onu, əndazəni aşmadan, tənqid edənlər böyük ölçüdə haqlıdırlar. Ancaq öz mövqeyi, səviyyəsi olan bir şəxsiyyət, mədəniyyət və incəsənət xadimi, kino maarifçisi kimi onun çəkisi əlbəttə, Röya kimi təbiətin verdiyi səs və istedaddan başqa heç nəyi olmayan və heç nə öyrənmək istəməyən, o cümlədən adi ictimai davranış, danışıq etikasını belə öyrənməyə tənbəllik edən birisilə eyni tərəziyə qoyulası kimi deyil. Ancaq nə olsun? Ölkədəki ictimai mühit və bu cür “xalq artistləri”nə verilən imtiyazlar onlara özlərindən on baş yuxarı xidmətləri, dəyəri olan şəxslərə həqarət etmək imkanı verir...

Yeri gəlmişkən, bu baş verənlər və buna bənzər qalmaqallar bir daha “Xalq artisti” fəxri adının öz gerçək dəyərini itirdiyini və bu adın ümumiyyətlə ləğvi məsələsini gündəmə gətirir. Ən azı ona görə ki, musiqi, kino, incəsənət tariximizin korifeylərini bugünkü “manıslar”la eyni səviyyəyə qoymaq çox qüsurludur.

Zamanında “Xalq artisti” adı daşıyan böyük sənətkarlar tək öz istedadları ilə deyil, həm də şəxsiyyəti, mədəniyyəti ilə ictimai nüfuz, “avtoritet” sahibi idilərsə, indikilər daha çox “kriminal avtoritet” kimi görünürlər və bununla fəxr edirlər...

Cəlal Məmmədli

“AzPolitika.info”













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.