ÜST-dən HƏYƏCAN TƏBİLİ:

Dünən, 11:38           
ÜST-dən HƏYƏCAN TƏBİLİ:
Alimlər və tibb mütəxəssisləri əsasən xəstəxana mühitində yaşayan və müxtəlif səthlərdə uzun müddət sağ qala bilən ölümcül "Candidozyma auris" (C. auris) göbələyinin sürətlə yayılması ilə bağlı həyəcan təbili çalırlar.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Mütəxəssislərin məlumatına görə, açıq yaralardan və ya iynələrdən istifadə edən tibbi manipulyasiyalar zamanı insan orqanizminə düşən göbələk sporları ciddi, həyati təhlükəli infeksion xəstəliklərə səbəb ola bilər.

"İnfeksiya qan dövranı vasitəsilə yayıla, beyin və onurğa beyninə, sümüklərə, qarın boşluğuna, eşitmə orqanlarına, tənəffüs yollarına zərər verə və sidik sistemini zədələyə bilər ki, bu da nəticədə ölümə səbəb ola bilər", - deyə məqalədə vurğulanır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq "C. auris"i "bəşəriyyət üçün ciddi təhlükə" yaradan 19 ölümcül mikroorqanizm siyahısına daxil edib. Statistika bu göbələklə yoluxma hallarının sürətlə artdığını göstərir: son on ildə 637 hal qeydə alınıbsa, təkcə 2024-cü ildə onların sayı 200-ə çatıb.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyində (UKHSA) mikoloji laboratoriyanın rəhbəri professor Endi Borman xəstəliyin artmasını əhalinin immunitetinin azalması, həmçinin mürəkkəb cərrahi əməliyyatlar keçirmiş xəstələrin sayının artması ilə əlaqələndirir.

Qeyd etmək lazımdır ki, "Candidozyma auris" ilk dəfə 2009-cu ildə Yaponiyadan olan bir xəstənin qulaq kanalında aşkar edilib. O vaxtdan bəri bu göbələyin mövcudluğu dünyanın 40-dan çox ölkəsində qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.