Mirasla bağlı mülki mübahisələrə SON QOYULUR
Bu gün, 16:48

"Azərbaycan Prezidenti Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Yeni dəyişikliklər ilə son illər daha çox müşahidə edilən miras ilə bağlı mülki mübahisələrin və eləcə də məhkəmə işlərinin kəskin azalacağı gözlənilir".
Moderator.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, son illər dünyasını dəyişmiş şəxsin övladları arasında bir sıra hallarda mirasa, yəni, əmlaka və sərvətə sahib olmaq ilə bağlı mübahisələrin sayında artımlar müşahidə olunurdu:
"Bəzən bu mübahisələr övladlar arasında nəsil çəkişmələrinə belə səbəb olurdu. Sözügedən bütün qanunverici aktlarda edilən dəyişikliklərə əsasən, mirasdan imtina vərəslərinin mirası qəbul etmədiyi halda deyil, bütün vərəsələrin mirasdan imtina etdiyi halda rəsmiləşəcək. Yəni, vərəsələrdən hər hansı birinin miras ilə bağlı iddia irəli sürməməsi heç də onun mirasdan imtinası anlamına gəlməyəcək. Dəyişikliklər birmənalı şəkildə mirasın qəbulu mexanizminin təkmilləşdirilməsinə xidmət edəcək. Belə ki, əvvəllər mirasın qəbulu ilə qanunvericilikdə olan bir sıra ziddiyyətlər son illər varislər arasında bir sıra mülki mübahisələrin yaranmasına səbəb olub ki, yeni dəyişikliklər bu problemləri aradan qaldıracaq. Belə ki, əvvəllər miras ilə bağlı vərəsənin susması, yəni, mirası qəbul və ya imtina etməməsi, onun mirasdan imtina etdiyinə ehtimallar yaradırdı və bu da daha sonradan mübahisələrə səbəb olurdu. Azərbaycan Prezidentinin təsdiq etdiyi son dəyişikliklər mülkiyyət hüququnun konstitutsion təminatının möhkəmləndirilməsi və mirasın qəbulu institutunun tələblərinin daha da təkmilləşdirilməsi və dəqiqləşdirilməsinə xidmət edir.
Belə ki, əvvəlki qanunvericiliyə əsasən, vərəsələrin heç biri mirası qəbul etmədiyi halda əmlak xəzinəyə keçirilirdi. Təsdiq olunan dəyişikliklərə əsasən, bütün vərəsələr mirasdan imtina etdiyi halda bu baş verir. Daha sadə dildə izah etsək, dünyasını dəyişən şəxsin mirasına fərqli səbəblərdən vərəsələrdən heç biri iddia etmədikdə, bu mirasdan imtina kimi izah olunurdu. Yeni qaydalara isə yalnız vərəsələrin mirasdan imtina etdiyi halda bu reallaşır. Eyni zamanda, mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasdan imtina üçün müəyyənləşdirilmiş zaman bitənədək notarius tərəfindən mirasın siyahıya alınması tələb edə bilər. Müraciət daxil olduğu gündən 2 ay müddətində miras siyahıya alınır".
Deputat qeyd edib ki, miras açıldıqdan sonra vərəsənin dünyasını dəyişməsi və onun vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik bazası da təkmilləşir və mirasın qəbulu müddətləri ilə məhdudlaşdırılmır:
"Belə ki, mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasdan imtina müddəti ilə məhdudlaşdırılır və daha əlverişli qaydalar müəyyənləşdirilir. Dəyişikliklərə əsasən, ölmüş vərəsənin varisinin mirasdan imtina üçün müəyyənləşdirilmiş müddət 3 aydan az olarsa, həmin müddət 3 ayadək uzadılır. Vacib dəyişikliklərdən biri də vərəsələrin kreditorlar qarşısında öhdəlikləri ilə bağlıdır. Yəni, dünyasını dəyişən şəxsin kredit borcları ilə bağlı öhdəlikləri də aydın şəkildə bölüşdürülür. Belə ki, yeni dəyişikliklərə əsasən, mirasın siyahısı notarius tərəfindən təsdiq edildikdə, vərəsələr miras qoyanın kreditorlar qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
Miras şəriklərinə vərəsəlik şəhadətnaməsinin verilməsi mexanizmləri də təkmilləşdirilib. Belə ki, notarius vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrinin də payı ilə bağlı məlumatları həmin sənəddə qeyd edir. Bu vərəsədən imtina etməyən, amma şəhadətnamə almaq üçün müraciət etməyən vərəsələrin hüquqlarının qorunması baxımından olduqca vacib dəyişiklikdir. Bütövlükdə, yeni dəyişikliklərin mirasa sahiblikdə vərəsələrin hüquqlarının yaxından qoruyacağına və mülki mübahisələrin sayının azaldacağına xidmət edəcəyi gözlənilir".