Ekspert: Banklar insanları intihara sürükləyir, hökumət təcili tədbirlər görməlidir
12-07-2015, 12:55
“Son günlər kredit borclarına görə intihar edənlərin sayı artıb. Sonuncu hadisə dünən – iyulun 9-da Bərdədə qeydə alınıb. Bərdə rayon sakini kredit borcunu ödəyə bilmədiyi üçün özünü körpüdə asıb. Bu, təəssüf ki, sonuncu da olmayacaq.”
Tia.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev bank kreditlərinin müştərinin intihara sürükləməsinin səbəblərindən bəhs edərkən bildirib. Onun sözlərinə görə, kredit faizlərinin yüksək olması, müştərinin aldadılması, onun həbslə qorxudulması müştəriləri intihara sürükləyir: “Burada müştərilərin məsuliyyətsizliyi də rol oynayır. Ancaq motiv aydındır – kredit borcunu qaytarmaq mümkünsüz olub və çıxış yolunu intiharda görüb. Bu hadisədə konkret bankı qatil qismində görənlər var. Təəssüf ki, insanlar istehlak kreditini rifahını yaxşılaşdırmaq üçün deyil, hansısa problemi təcili həll etmək üçün götürürlər. Araşdırsaq məlum olar ki, həmin kredit ya müalicə, ya işə qəbul, ya da kimisə polisdən xilas etmək üçün alınıb.Təcili götürülən kreditin nə faizinə diqqət yetirilir, nə də şərtlərinə. Hər ikisi şərt yalnız ödəniş zamanı yada düşür. Nəticədə problemlər yaranır”.
Ekspert deyib ki, bank sektoru hazırda insanların ən çox şikayət etdiyi sahəyə çevrilib. Banklar kredit şərtlərinin istədikləri kimi müəyyənləşdirirlər: “Müqavilələrdə daha çox öz hüquqlarını qabardırlar. Müştərilərinsə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur.
Bir tərəfdən də kollektorlar əhalinin baş ağrısına çevrilir. Elə bir ailə, elə bir şəxs yoxdur ki, maliyyə sektorunun xidmətlərinə müraciət etməsin. Kimisi gəlirinin bir hissəsini banklara əmanət edir, kimisi bankdan borc götürür, üçüncülər isə maşınını və evini sığortalayır. Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur. Milyonlarla əmanətçinin və kredit müştərisinin taleyi havadan asılı vəziyyətdə qalıb. Əhalinin maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurum tərəfindən qorunacağını bilmir. Düzdür, Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılmağa başlayıb. Ancaq şikayətlərə araşdıran müstəqil qurumun olmasına ehtiyac var”.
Ekspertin fikrincə, təcili tədbirlər görülmədiyi halda kredit qurbanlarının sayı artacaq: “Bunun qarşısı alınmalıdır. Maliyyə ombudsmanın yaradılmalıdır. Hazırda ölkədə maliyyə xidmətlərdən istifadə edən müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və müstəqil institut yoxdur. Belə halların qarşısının alınması üçün bir çox ölkədərdə olduğu kimi Azərbaycanda da maliyyə ombudsmanının (müvəkkilinin) yaradılmasına ehtiyac var. Ombudsman institutunun yaradılmasında məqsəd ortaya çıxmış problemləri məhkəmədənkənar həll etməkdir. Ən əsası bu institut müştərilərə pulsuz xidmət göstərir.
Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir. Vətəndaşların maliyyə hüquqlarını müdafiə edən ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb. Hazırda bir çox ölkələrdə – Fransa, Böyük Britaniya, Danimarka, İsveç, İrlandiya, Pakistan, CAR və başqa ölkələrdə fəaliyyət göstərir. MDB ölkələrində bu institut geniş yayılmayıb. Belə institut Rusiya və Ermənistanda fəaliyyət göstərir. Ukraynada siyasi böhran nəticəsində hələki təşəbbüs səviyyəsində qalıb. Qazaxıstanda 2011-ci ildə bank ombudsmanı institutu yaradılıb. Gürcüstanda isə sığorta ombudsmanı institutu yaradılması planlaşdırılır.
“İstehlak kreditləri haqqında” qanun qəbul edilməsi də təkliflər sırasındadır. Ekspert deyir ki, Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. Bu hüquqları qoruyan yeganə hüquqi akt, yəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbləri bank müştərilərinə şamil edilmir.
İnkişaf etmiş ölkələrdə isə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. ABŞ-da bu həm federal, həm də ştatlar səviyyəsində baş verir. Avropa Birliyinə üzv ölkələr üçün milli qanunvericilikdə və istehlak krediti sahəsində direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Rusiya, Ukrayna və Özbəkistanda istehlak kreditləri ayrıca qanunla tənzimlənir.
Banklar da öz növbəsində ucuz maliyyə resursu cəlb etmək və xərclərini optimallaşdırmaqla xərclərin azaldılması üzərində düşünməlidir. Bankların sayının azaldılması bu istiqamətdə töhfə verə bilər. Dollar kreditlərində azalma müşahidə edilir. Uyğun enişin manat kreditlərində də baş verməsi lazımdır”.