ERMƏNİSTAN XALQIMIZIN VƏ DÖVLƏTİMİZİN HEYSİYYATI İLƏ OYNAYIR" - ŞİDDƏTLİ CAVAB OLMALIDIR
6-07-2017, 13:34

"Düşmənin atəşkəsə riayət etmədiyi şəraitdə sərhəd zonasında yaşayan vətəndaşların təhlükəsizliyi ilə bağlı daha mühüm addımlar atılmalıdır”.
Bunu Sherg.az-a ötən gecə cəbhə xəttində baş verən hadisələrlə bağlı danışarkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, sərhəd zonasında məskunlaşan əhali düşmən snayperlərinin çata bilməyəcəyi məsafədə yaşamalıdır:
"Bu isə cəbhə xəttindən azı 4-5 kilometr məsafə deməkdir. Mülki vətəndaşlar aktiv müharibə zonasına yaxın yaşamamalıdır. Ona görə, Müdafiə Nazirliyi məsələ qaldırmalıdır ki, cəbhə zonasında yaşayan əhalinin təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülsün”.
Düşmən ölkənin addımlarını Azərbaycan dövlətinin, xalqın heysiyyatı ilə oynamaq adlandıran S. Cəlaloğlu deyib ki, ermənilər bununla guya qalib olduqlarını, üstünlük əldə etdiklərini nümayiş etdirməyə çalışırlar:
"Yenə deyirəm, vətəndaşlar təmas xəttindən elə məsafədə yaşamalıdır ki, ermənilər istəsələr də mülki əhaliyə ziyan vura bilməsinlər. Ən azı güllə məsafəsindən aralı yaşamalıdırlar. Adi "koloşnikov” silahları 400-500 metr məsafədən atəş aça bilir. Bəzi müasir silahlar isə daha uzaq məsafələrə atəş aça bilir. Cəbhə xəttindən 7-8 km məsafədə yaşayan əhalinin həyatı təhlükədə ola bilməz. Bundan başqa ermənilərin hansı hissələrdə atəş nöqtəsi varsa, onun qarşısında bizim də atəş nöqtələrimiz olmalıdır ki, cavablarını daha şiddətli formada verək".
Qeyd edək ki, Füzuli rayonunun Alxanlı kəndinin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.
Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.