QARABAĞ ƏLİLİNDƏN SAXTA DEFEKT AKTI İLƏ PUL TƏLƏBİNƏ GÖRƏ
9-07-2017, 19:17

Xaricdə müalicəyə ehtiyacı olan , düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı , bu səbəbdən hər üç aydan bir əməliyyat olunan Qarabağ əlili Xaliq Abbaszadədən “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyətinin (ASC) törəməsi olduğu “Nurgün Motrors”da 10 min manatlıq saxta defekt aktı tərtib edib 3 ildir sığorta ödənişi tələb etməsindən yazsaq da , nə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti (artıq bu Xidmət ləğv olunub), nə yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) , nə də hüquq mühafizə orqanları , özəlliklə Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi bu saxtalığa , dələduzluq faktına hüquq qiyməti verməyib . Yəqin sözügedən idarənin rəisi Kamran Əliyevin bu günlərdə “MTN – Rabitə işi” ilə bağlı dediyi kimi , “Nurgün” və törəməsi “Rəvan” elə “oğru qanunu” ilə cəzalandırılıblar . Belə cəzalanmadan acığa düşən sözügedən sığorta şirkəti isə məhkəmə yolu ilə Qarabağ əlilini cəzalandırmaq yolunu seçiblər.
Sabunçu və Suraxanı məhkəmələrinin isə rüşvət qarşılığında “Rəvan”ın “çaldığı havaya oynaması”, hakimlərin özlərini şirkətin vəkili kimi aparması acı gerçəkdir. Fikir verin, “metallom morqu”na göndərilən də “əlil maşını”, cərimə olunan, borclu edilən də maşına heç bir aidliyi olmayan Qarabağ əlili! Məhkəmə hakimi (Ramil Həsənov) isə Qarabağ əlilinə özünü yandırmağı məsləhət görür!(??) Kim götürsə də, Allah bunu götürər ?
Heç demə , Allahdan başqa bu Allahsızlığı götürməyən Vergilər Nazirliyi (VN) də varmış ! Prokurorluğun , polisin , MBNP –nin etmədiyini , daha doğrusu , “oğru qanunu” ilə etdiklərini VN öncə “Nurgün”ü , bu günlərdə isə “Rəvan”ı cərimələməklə bu şirkətlərin saxta defekt aktı tərtib etməklə dələduzluq etmələrini ortaya qoymuş oldu . VN-dən Qarabağ əlilinə göndərilən 10 yanvar 2017 tarixli 1717020000688400 saylı məktubda “Rəvan” şirkətinə maliyyə sanksiyası tətbiq edildiyi və “Rəvan Sığorta” ASC –nin fəaliyyətinin nəzarətə götürüldüyü bildirilib .Onu da vurğulayaq ki, VN –in “Nurgün”ü və “Rəvan Sığorta” ASC –ni Qarabağ əlilinin müraciəti əsasında cərimələməsi barədə məktublar da məhkəmələrə təqdim olunsa da, hakimlər görməzliyə vururlar . Qarabağ əlilinin iddiasını, qarşılıqlı iddiasını, vəsatətlərini görməzliyə vurduqları kimi …
VN növbəti dəfə “Rəvan Sığorta” ASC – nin saxtalığını , dələduzluğunu rəsmi aktla üzə çıxardı . İndi söz prokurorluğun, polisin, məhkəmənindir . Fakt üzrə cinayət işi qaldırmağa gücləri çatacaq , yoxsa yenə “get, özünü yandır “ “aforizm”i “qüvvəyə minəcək”? qaziler.az