“Nə üçün vaxt və vəsait xərcləməyib komisyon alırsınız?”
15-07-2015, 23:05
“Biz hesab edirik ki, Azərbaycanda istehlak kreditləri üzrə faiz dərəcələri yuxarıdır və faizlərin belə yuxarı olması üçün heç bir obyektiv səbəb yoxdur”. Fins.az “Marja”ya istinadən xəbər verir ki, bunu dövlət televiziyasına müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. Baş bankir qeyd edib ki, bu yaxınlarda kommersiya banklarının sədrləri ilə bu barədə ciddi danışıqlar aparıb:
“Bu yaxınlarda Azərbaycanın aparıcı banklarının rəhbərləri ilə bu masa arxasında çox ciddi söhbətlərimiz oldu. Bu dialoq çoxdan gedirdi. Bizim komisiyon haqlarının 1%-ə salınması haqqında qərarımız bir sıra banklar tərəfindən birmənalı qarşılanmamışdı. Onlar komisyon haqlarını faiz dərəcələrinə əlavə etməyə cəhd göstərmişdilər. Biz bu qərarı maliyyə xidmətçilərinin hüquqlarının qorunması istiqamətində düzgün olaraq vermişdik. Adətən beynəlxalq təcrübədə bu komisyon haqları çox yüksək əmək tutumlu layihələrin öyrənilməsinə, maliyyələşdirilməsinə verilən kreditlər üçün alınır. Banklar aylarla, bəlkəm də, il ərzində bir biznes layihəsinin öyrənilməsinə böyük vaxt və vəsait sərf edirlər. Amma bu istehlak kreditlərində biz bunu görmürük - bank kreditin ayrılmasına vaxt və ya vəsait xərcləsin. Onların diqqətinə çatdırıldı ki, Siz nə üçün belə komisyon haqları tutursunuz?! Mən deyərdim ki, banklar bunu mən gözlədiyimdən də anlaşıqlı qarşıladılar”.
“BANKLARA ÇOX CİDDİ VƏ SƏRT GÖSTƏRİŞ VERDİM”
Elman Rüstəmov “təbii ki, bank rəhbərləri ilə söhbət daha geniş oldu, bütövlükdə faiz dərəcələri, onların səviyyəsi də müzakirə olundu” deyərək sözlərinə belə davam etdi:
“Burada məsələni iki yerə bölmək lazımdır. Məsələnin həm obyektiv, həm də subyektiv tərəfləri var. Subyektiv tərəfin mən qeyd etdim ki, faiz dərəcələrində subyektiv şişirtmələr var. Mən banklara çox ciddi və sərt göstəriş verdim. Baxmayaraq ki, buna bizim hüquqi baxımdan əsasımız yoxdur. Pul bazarı olduqca liberal bir bazardır. Burada milyonlarla müştəri, 45-ə yaxın bank, onların da yüzlərlə filialları var. Liberallıq odur ki, bazarda heç kimin aparıcı payı yoxdur, heç kim diktə etmir. Cənab Prezident də öz çıxışında dedi, xüsusilə, dərmanların qiymətləri məsələsinə toxunanda sosial məsuliyyəti qeyd etdi. Liberalıq o demək deyil ki, biznes sosial məsuliyyətlərin unutsun və sosial məsuliyyətsizlik göstərsin. Bir neçə gün öncə mən də banklara çox ciddi sosial və mənəvi məsuliyyətərini onların nəzərinə çatdırdım. Əhalinin müəyyən həssas qrupları ilə, təqaüdçilər ilə işləyərkən onların çox ciddi məsuliyyət daşıdığını diqqətinə çatdırdım. Bu gün əhalinin müəyyən hissəsinin maliyyə savadlılığı qənaətbəxş səviyyədə deyil. Amma bu demək deyil ki, kimsə bundan sui-istifadə etməlidir. Dövlət ötən illərdə banklar üçün şərait yaratmışdır, onlar inkişaf edirlər, çiçəklənirlər, ən gözəl binalarda otururlar. Bu məsələnin subyektiv tərəfidir”.
“KREDİTƏ TƏLƏB HƏDDİNDƏN ARTIQ BÖYÜKDÜR”
Çıxışının əvvəlində “faizlərin belə yuxarı olması üçün heç bir obyektiv səbəb yoxdur” deyən Elman Rüstəmov sonradan faiz dərəcələrinin yüksək olmasının obyektiv tərəfinin də olduğunu söyləyir:
“Hökmən obyektiv tərəfini də demək lazımdır. Obyektiv tərəf budur ki, bu bazar defisitli bazardır, yəni tələb bazarıdır. Əhalimizin kreditə olan təlabatı həddindən artıq böyükdür. Bunu qeyd etmək lazımdır. İnsanlar kredit götürmək istəyirlər. Bunun iqtisadi tərəfləri var. Sosial və pisixoloji tərəfləri də var. Bəzən krediti götürmək xatirinə də kredit götürürlər. Bununla sosioloqlar da ciddi məşğul olmalıdır”.