İcra başçısı sahibkara uduzdu – Azərbaycanda
23-07-2015, 12:02
Azərbaycanda məhkəmə sahibkarın icra hakimiyyətinə qarşı qaldırdığı iddianı təmin edib.
Gədəbəy rayonundan olan iş adamı Oqtay Əliyev “Qafqazinfo”ya bildirib ki, ona məxsus turizm obyekti Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülüb. Sahibkar 170 min manata başa gələn həmin obyektin uçurulması ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırıb və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edib ki, Əliyev Oqtay İbrahim oğluna məxsus həmin turizm obyekti həqiqətən də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən əsassız olaraq sökülüb. Nəticədə, məhkəmə bununla bağlı 16 fevral 2015-ci il tarixli Qərar qəbul edib. Azərbaycan Respubliksaının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrinin rəhbər tutulduğu Qərarda bildirilir: Cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 626 manat tutulub iddiaçı Əliyev Oqtay İbrahim oğlunun xeyrinə ödənilsin.
O. Əliyev deyir ki, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası ona qarşı əsassızi iddialarla çıxış edib. Onun fikrincə icra başçısının müdaxiləsi ilə apeliyasiya məhkəməsi qarşı tərəfi haqlı çıxarıb. Onun sözlərinə görə sonradan məsələ ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edib. Və nəticədə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası da işi araşdıraraq 18 iyun 2015-ci il tarixdə sahibkarın xeyrinə qərar qəbul edib. Həmin qərarda bildirilir: - Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının14 aprel 2015-ci il tarixli, 2-1(104)-108/2015 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı Əliyev oqtay İbrahim oğlunun kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Qeyd edək ki, Gədəbəyin Qalakənd kəndində O.Əliyevin inşa etdirdiyi turizm obyekti Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas göstərilmədən və söküntü ilə bağlı məhkəmənin qərarı olmadan 29.07.2014-cü il tarixdə sökülüb. Halbuki, obyektin tikintisi ilə bağlı aidiyyəti qurumlardan, xüsusən də ərazinin balansında olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan rəsmi icazəsi olub. Belə ki, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin Qalakənd meşəbəyliyinin 0.20 ha sahəsindən istirahət turizm məqsədi ilə istifadə etmək üçün həmin müəssisə ilə 16 iyun 2013-cü il tarixdə 5 (beş) illik müqavilə bağlanılıb.