Azərbaycanda internet problemi: Vətəndaşları necə aldadırlar?

28-08-2017, 19:12           
Azərbaycanda internet problemi: Vətəndaşları necə aldadırlar?
Müasir həyatımızın ayrılmaz hissəsi olan internetə tələbat hər ötən gün daha da artır. Azərbaycanda bu prosesdən kənarda deyil. Amma internet istifadəçilərinin ən çox şikayətləndiyi məqam ölkədə fəaliyyət göstərən provayderlərin istifadəçilərə keyfiyyətli xidmət göstərə bilməmələridir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də Cebhe.info-ya açıqlamasında ölkəmizdə internetin keyfiyyəti ilə bağlı ciddi problemlərin olduğunu deyir:

“Vətəndaşlar bəlli bir sürətdə internet almaq üçün provayderlə müqavilə bağlayır və həmin sürətin pulunu ödəyir. Amma evdə, ofisdə həmin internetin sürətini müəyyən edən proqramlara qoşulmaqla aldadıldığını görür. Müqavilədə göstərilən sürətlə onun aldığı sürət arasında kəskin fərq var. Aldığı sürət müqavilədə göstəriləndən çox azdır. Bəli, Azərbaycanda internet keyfiyyətsizdir”.

Ekspert bildirib ki, provayderlərin trafikə uyğun qoyduqları qiymətlər də kifayət qədər bahadır:

“Əslində onlar 4 meqait təklif edib, çox aşağı internet verirlər. Amma 4 meqabitin pulunu alırlar. Qonşu ölkələrlə müqayisə edəndə, internet çox keyfiyyətsizdir. Son bir neçə ayda, yay dövründə internet hədsiz dərəcədə keyfiyyətsizləşib. Əsas da mobil internet haqqında bunu deyə bilərəm. Ölkədə bütün mobil operatorun təklif etdiyi internetin keyfiyyəti pisdir. Mən özüm regionlarda da olanda bunun monitorinqini apardım. Onların elan etdiyi sürətin beşdə birini əldə etmək mümkün deyil. Anlamıram, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hara baxır? Niyə internetin sürətinin bu vəziyyətdə olması ilə bağlı monitorinq aparılmır? Mobil operatorlar, provayderlər elan olunan internet sürətini verirlər, ya yox? Bu məsələ öz həllini tapmalıdır. Tamahkarlıq, az məsrəf, xərc çəkərək, böyük pullar qazanmaq istəyirlər. Buna nəzarət edəsi orqanlar var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bunlar monitorinq aparmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.