Nazirlik qrant alır, məbləği isə açıqlamır
26-07-2015, 12:05
Kənd Təsərrüfatı Nazirliyi Yaponiyadan qrant alacaq.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilir.
Xəbərdə deyilir ki, Azərbaycan və Yaponiya hökumətləri arasında “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardimi”na dair imzalanacaq notanın müzakirəsi aparılıb.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşüb.
Nazir bildirib ki, Azərbaycanla Yaponiya arasında imzalanmış notalar mübadiləsinə əsasən Yaponiyanın 2KR Proqramı çərçivəsində ayırdığı qrantlar, eləcə də Tərəfdaşlıq Fonduna və dövriyyə hesabına toplanmış vəsaitlər hesabına 1637 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikaları alınaraq lizinq yolu ilə kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə verilib. Yeni qrant da aqrar sahəyə yönəldiləcək.
Lakin xəbərdə indiyədək ayrılmış vəsait, bu dəfə ayrılacaq qrantın məbləği açıqlanmır.