Müavini icra başçısının biznesinə girmək istəyir - Mübahisə

6-08-2015, 15:24           
Müavini icra başçısının biznesinə girmək istəyir - Mübahisə
Yardımlının icra başçısı Sevindik Hətəmovla müavini Mahir Mirzəyev arasında gərgin münasibətlər yaşanır. Buna səbəb isə rayonda keçirilməsi nəzərdə tutulan tenderlərlə bağlı fikir ayrılığının olmasıdır. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib.

Məlumatda deyilir ki, Mahir Mirzəyev uzunmüddət aqrar sahəyə nəzarət etsə də, bütün tenderlərin qalibi olmuş şikətlərin bu və ya digər şəkildə sahibi kimi ad çıxarıb. Onun ayrı-ayrı adamların adına yaratdığı şirkətlər vasitəsi ilə «udduğu» tenderlər böyük gəlirlər gətirsə də, bir müddət pullar icra başçısı ilə onun arasında bölünüb. Amma son dönəmlər yaşanan gərginlik təkcə pul üzərində deyil, həm də mövqe savaşı kimi başa düşülür.

Belə ki, Mahir Mirzəyevin geniş imkanlara sahib olması, bütün tenderləri əlində cəmləşdirməsi və rayonda əsas söz sahiblərindən biri olması heç də icra başçısı Sevindik Hətəmovun ürəyincə deyil. Bundan əlavə, tender bazarında öz şirkətlərini önə çəkərək, saylarını artırmaq üçün cəhdlərinin məhz müavini tərəfindən əngəllənməsi Hətəmovun ürəyincə olmayıb. Nəticədə, tərəflər arasında vəziyyət mübahisəli həddə qədər yüksəlib.

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, hətta tərəflər arasında bir neçə dəfə söz mübahisəsi də yaşanıb. Amma iş böyüməsin deyə, bir müddət susmaq qərarı veriblər. Lakin son günlər proses yenidən qızışmağa başlayıb ki, bu dəfə Sevindik Hətəmovun öz şirkətini önə çəkmək istəməsi səbəb olaraq göstərilir. İddia olunur ki, Yardımlının icra başçısı müavininə xəbərdarlıq edib ki, onun nəzarətində olan bütün şirkətləri yoxlatdıraraq, cəzalandırılması üçün tədbir görəcək. Mahir Mirzəyev isə Sevindik Hətəmova «nə bacarırsan, onu da et» deməklə kifayətlənib.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.