Sabirabadda özbaşınalıq... - ŞİKAYƏT VAR

7-08-2015, 15:50           
Sabirabadda özbaşınalıq... - ŞİKAYƏT VAR
Sosial yardımla bağlı bitib-tükənməyən problemlər hələ də qalmaqdadır. Xatırlayırsınızsa, ötən saylarımızda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şöbəsində baş verən qanunsuzluqla bağlı yazmışdıq. Sonda problem həllini tapdı. İndi yenə də oxşar hadisəylə üz-üzəyik. Bu dəfə isə Sabirabad rayon Nizamikənd kənd sakini Cəfərov Samid Murtuz oğlu rayondan paytaxta gələrək ƏƏSMN-nin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzindən şikayətlənir.

«Heç yerdə işləmirəm...»

Samid Cəfərov yaşayışının acınacaqlı olduğunu deyir: “Yaşayışımız elə də ürəkaçan deyil. Valideynlərim rəhmətə gedəndən sonra vəziyyətimiz daha da pisləşdi. 2004-cü ildə ailə həyatı qurdum. İndi dörd azyaşlı uşağım var: ikisi qız, ikisi oğlan. Özüm astma xəstəsiyəm. Ona görə hərbi xidmətə də gedə bilmədim. Dedilər ki, yararsızam”.

«Susuzluqdan qırılırıq...»

«Su bizim kəndlərə fasilələrlə verilir. İndi heç vermirlər. Düzdür, içməli suyumuz var. Onu da sizə müraciətimizdən sonra və bu haqda yazdığınıza görə bərpa etdilər. Yoxsa, içməli sudan da əziyyət çəkirdik. Əkin üçün su hələlik pərpa olunmayıb. Bir az pay torpağımız var. Taxıl əkdik, su vermədiklərinə görə suvara bilmədik, hamısı məhv oldu. Bir dəfə biz tərəflərə gəlin, onda hər şeyi gözünüzlə görəcəksiniz».

«ƏƏSMN-nin Sabirabad rayon şöbəsinə iki yüz dəfə getmişəm...»

«2011-ci ildən ƏƏSMN-nin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzinə gedib-gəlirəm. Hər dəfə də müxtəlif bəhanələrlə geri qaytarırlar. Tələb etdikləri bütün sənədləri təqdim etmişəm, amma heç bir müsbət nəticəsi yoxdur. Sonuncu dəfə 2014-cü ilin dekabr ayında sənədlərimi təqdim etdim. Bu vaxt ərzində yaşadığım evə bir neçə dəfə baxış keçiriblər. Ata evində yaşayıram. Burada məndən başqa iki bacım da yaşayır. Mən özüm 1999-cu ildən ayrı təsərrüfatam. Bu vaxt ərzində imkanım olmadığına görə ev tikib ayrıla bilməmişəm. İyulun 16-da yaşadığım ünvana ƏƏSMN-nin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzindən bildiriş göndərilib. Bildirişdə ailə tərkibimi «düzgün göstərməməyim» bəhanə gətirilərək, sosial yardımın verilməsindən imtina edilir. Mən başa düşə bilmirəm ki, ailə tərkibimlə bağlı hansı yanlış məlumatı onlara vermişəm ki, onlar məni neçə ildir süründürür?! 2011-ci ildən bu günə kimi kənddən rayon mərkəzinə bu qurumun binasına 200 dəfə getmişəm. Sentyabrda məktəb başlayır, üç uşağa məktəb paltarı və dərs ləvazimatlarını hansı pulla alım?! İndidən dərd götürüb məni ki, neyləyəcəm?!»

Vüsal Talıblı və Surxay Dadaşovun birgə «sosial yardım» əməliyyatı...

«ƏƏSMN-nin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzinin sədri Vüsal Talıblı və onun köməkçisi Surxay Dadaşov maraqlı olduqları adamlara bu yardımı «təşkil edirlər». Biz, bu iki şəxsin əməllərindən cana doymuşuq. Bir neçə il öncə bu qurumda korrupsiya faktı da aşkarlanmışdı və hətta bir neçə nəfər həbs də edilmişdi. Amma, görünür, olanlar bu adamlar üçün dərs olmayıb».

ƏƏSMN-nin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzi niyə susur?!

Məsələylə bağlı şikayətçinin təqdim etdiyi Vüsal Talıblı və Surxay Dadaşovun mobil telefonlarına zəng vuraraq qarşı tərəfi də dinləmək istədik. Amma heç birisi telefon zəngimizə cavab vermədi. Hər iki şəxsin mobil telefonuna mesaj da yazdıq, ancaq cavab gəlmədi ki, gəlmədi. Bütün bunlara baxmayaraq, qarşı tərəfi dinləməyə hazırıq. Çünki problem təkcə Samid Cəfərovla bitmir. Bundan əlavə, daha iki şikayətçi - Mirzəbaba Babayev və Xəyal Hidayətov da adı çəkilən problemdən şikayətlənir. Gələn saylarımızda həmin şəxslərin problemini də araşdıracağıq. Görünür, bu xəmir hələ çox su aparacaq.

Qarşı tərəf cavab verdi...

Nəhayət, Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzi ilə əlaqə saxlaya bildik.
Belə ki, mərkəzin komissiya katibi Surxay Dadaşov salamımızı top-tüfənglə qarşıladı: “O nədi yazmısınız?! Şikayətçi gəlsin bizə müraciət eləsin! Bizə heç kim müraciət etməyib!”
Təsəvvür edin, biz heç şikayətçinin kim olduğunu belə deməmiş Surxay bəy bir qışqırmağa başladı ki, gəl görəsən. Sonra da telefonu bağladı. Onun bu qışqır-bağır salması daha çox şübhə yaratdı. Çünki psixologiyada da belədir: haqsız tərəf həmişə qışqırır, qışqırır ki, haqlı tərəfin haqsız olduğunu sübut etsin. Elə Surxay bəy kimi. Deyir ki, onlara belə bir adam müraciət etməyib və ona heç bir cavab verməyiblər. Biz də indi şikayətçi Samid Cəfərovun ünvanına göndərilmiş bildirişin fotosunu təqdim edirik ki, Surxay bəy ona yaxşı-yaxşı baxıb görsün ki, bu imtina ərizəsini kim şikayətçinin ünvanına göndərib. Nə bilirik, bəlkə Surxay bəy deyəcək ki, çalışdığı qurumun rəsmi bildirişindəki imza özünün deyil…
Şikayətçi Samid Cəfərov redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, o, yenidən Surxay Dadaşovun qəbuluna gedib: “Surxay Dadaşov məni qəbul elədi və bildirdi ki, sən ailə tərkibinlə bağlı düzgün məlumat verməmisən, ona görə də sənə imtina ərizəsi göndərilib. Gələn ay bir də gəl, elektron xidmətə keçəcəyik. Onda sənin problemini həll edərik”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, təəssüf ki, zənglərimizə cavab verən olmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.