Oğlunu öldürüb atasına pul təklif etdilər
26-04-2018, 11:09

Əli Rüstəmov: “Açıq şəkildə deyirdi ki, pulu ya sənə, ya hakimə verdim, fərq etmir, gəl, razılaşaq”
“Oğlumu 2014-cü ilin sentyabrında Urfan Rzayev və daha bir neçə şəxs onun işlədiyi yerə gələrək öldürdülər. Ekspertiza rəyləri və digər faktlar Kamalın bir neçə nəfər tərəfindən öldürüldüyünü ortaya çıxarsa da, iş düzgün araşdırılmadı. O zaman guya Urfanın Kamalı müdafiə zəminində öldürməsinə yönəlik iş aparıldı. Hətta ilkin cinayət işi - qəsdən adam öldürmə maddəsi ilə aparılmırdı. Ancaq ölkə mediasının bu işin üstünə getməsi, baş prokurorun qəbulunda olmağımız səbəbindən Cinayət Məcəlləsinin 120.1 ci maddəsi ilə cinayət işi başlandı”.
Bu sözləri Azərbaycan prezidentinə ünvanladığı şikayətində bir neçə il əvvəl qətlə yetirilən dünya çempionu Kamal Rüstəmovun atası Əli Rüstəmov yazıb. O qeyd edir ki, Ali Məhkəmənin hakimi Əli Seyfəliyev oğlunu qətlə yetirən biznesmen oğlunun qatilini müdafiə edib: “Gəncə Apelyasiya Məhkəməsinin hökmü ilə oğlumu öldürən Urfan Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilsə də, Əli Seyfəliyev bu hökmü ləğv edərək, yenidən Apelyasiya Məhkəməsinə qaytarıb”.
Müraciətinin bir surətini ölkə KİV-lərinə ünvanlayan Əli Rüstəmov qeyd edir ki, qətlin digər iştirakçıları bu günə qədər istintaqdan gizlədilir: “Çünki qrup şəklində cinayət törədilirsə, cəza daha ağır təyin olunur. Oğlumu öldürən Urfanın atası Rusiyadakı biznesinə güvənərək, hər yerdə bu işi öz xeyirlərinə həll edəcəklərinə əminliklə danışırdı. Belə də oldu. Gəncə Ağır Cinayətlər Məhkəməsi Urfana 10 il cəza verdi. Sonradan şikayətlərimizə görə, Gəncə Apelyasiya Məhkəməsi ədaləti qismən də olsa bərpa elədi. Urfana 13 il cəza təyin olundu. Qeyd edim ki, ötən aylar ərzində qatilin atası müxtəlif şəxslər vasitəsilə mənə rüşvət təklif etdi. Açıq şəkildə deyirdi ki, ya sənə verdim, ya hakimə, fərq etmir, gəl, razılaşaq. Biz oğlumuzun qətlinə görə yeganə təsəllini onun həbsdə qalması ilə tapırıq. Hakim Əli Seyfəliyevin belə bir qərar verməsi məhkəmə sistemi adına utancdır. Mən cənab prezidentdən, Məhkəmə-Hüquq Şurasının sədrindən bu hakimin əməllərinin araşdırılmasını xahiş edirəm”.
E.HÜSEYNOV
“Yeni Müsavat”