Banklar cibimizə girir: Son manat üçün də

27-04-2018, 11:58           
Banklar cibimizə girir: Son manat üçün də
Azərbaycanda bankların vəsait əldə etmək üçün hazırda iki yolu var. Onlardan biri Azərbaycan Mərkəzi Bankında uçot dərəcəsi çərçivəsində kredit almaq və əhalidən əmanətlər cəlb etməkdir.Digər yol isə xarici donorlardan kreditlər almaqdır ki, hazırda bu məsələdə ciddi problemlər var. AMB-nin uçot dərəcəsini aşağı çəkməsilə bərabər banklar da əmanət faizlərini aşağı endirdi.Bu da əhalidə əmanətlərə olan marağı kifayət qədər azaltdı.Mərkəzi Bankın da sərt pul siyasəti həyata keçirməsi bankların vəsait cəlb etməsində ciddi problemlər yaradır.Bu isə onu deməyə əsas verir ki, hazırda kommersiya bankları vəsait cəlb etməyə çətinlik çəkirlər.Maraqlıdır, bankların vəsait cəlb etməsi üçün hansı addımları atması zəruridir?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində Mərkəzi Bankın yanlış pul siyasəti apardığını deyib:

“Əslində bütün dünyanın istər ABŞ, istər Avropa, istərsə də Türkiyə Mərkəzi Bankı pul-kredit siyasətində önəmli rol oynayırlar. İqtisadiyyatı, əsasən də bank sektorunu uzunmüddətli və ucuz vəsaitlərlər təmin edirlər.Azərbaycan Mərkəzi Bankı keçmişdə buraxdığı çox pis səhvlərdən nəticə çıxardaraq strelizasiya əməliyyatları keçirir.Onun əksinə banklarda və iqtisadiyyatda olan əlavə manat kütləsini repo hərracları vasitəsilə toplayır. Keçən ilə nisbətən, bu il repo hərraclarınn həcmi və bankların iştirakı bir neçə dəfə artıb. Bu isə onu göstərir ki, Mərkəzi Bank banklara vəsait vermək əvəzinə vəsait toplayır”.

Natiq Cəfərli hesab edir ki, kredit verib hansısa yükün altına girməkdənsə, banklara Mərkəzi Bankın repo hərraclarından təhlükəsiz qazanc əldə etmək daha sərfəlidir:

“Çünki bankların vəziyyəti çox bərbaddır və geri dönüşü mümkünsüz olan kreditlərin həcmi faciəvi şəkildə artır. Rəsmi rəqəmlərə görə artıq geri dönüşü mümkünsüz olan kreditlərin həcmi 16 faizə yaxınlaşır, amma qeyri-rəsmi hesablamalara görə bu rəqəm 30 faizdən çoxdur.Bu da beynəlxalq normalardan 10 dəfə artıqdır. Beynəlxalq norma 3 faiz nəzərdə tutulur. Yəni, banklarda vəziyyət ağır olduğundan Mərkəzi Bankın həftəlik repo hərraclarına vəsait qoysunlar və illik 13-14 faiz gəlir əldə etsinlər.Banklar artıq iqtisadiyyatı stimullaşdırmaqdansa, iqtisadiyyatda mühüm rol oynamaqdansa, ya valyutadəyişmə əməliyyatlarından gəlir əldə etməyə, ya da repo hərracları vasitəsilə Mərkəzi Bankdan faiz qazanmağa çalışırlar.Burada maliyyənin mənbəyi bəllidir.Azərbaycanda zəif iqtisadi model olduğundan likvidikliyi saxlamaq üçün bankların ən böyük mənbəyi yenə də Mərkəzi Bankdır. Mərkəzi Bank ya uçot dərəcəsini yenidən aşağı çəkib o səviyyədə banklara manat kreditlərinin verilməsinə başlamalıdır ki, banklar da öz əməliyyat xərclərini və gəlir faizlərini üzərinə gəlib əhalini və biznesi kreditləşdirsinlər. Ya da əmanətləri daha cəlbedici hala gətirməlidirlər ki, əhali evində saxladığı sərbəst vəsaitlərini banklara yönləndirsinlər.Banklar da həmin vəsaitin hesabına həm iqtisadiyatın inkişafında, həm də kreditləşmədə mühüm rol oynasın.İndiki şəraitdə hər iki istiqamətdə ciddi problemlər var. Mərkəzi Bank növbəti inflyasiyadan və manatın ucuzlaşmasından qorxaraq likividitliyi azaltmağa, manatın dövriyyəsini sıxmağa çalışır, banklarda olan sərbəst vəsaitin valyutaya yönəlməməsi üçün toplayır.Banklar da əhalidən götürdüyü depozitləri əksinə, daha da cəlbedici olmayan hala gətirir, faizləri aşağı çəkir.Ona görə də bankların vəsaitlərə çıxış imkanları məhduddur”.

Natiq Cəfərli vurğulayıb ki, Azərbaycan banklarına olan inamsızlıq xarici donorların bazardan çıxmasına səbəb olur:

“Digər yol isə beynəlxalq maliyyə institutlarından vəsaitlərin cəlb olunmasıdır ki, bu da iflasa uğrayıb. Çünki Azərbaycanın bank sektoruna inam yoxdur və Beynəlxalq Bankda baş verənlərdən sonra bu inam tamamilə sıfırlandı.Son iki ildə beynəlxalq maliyyə inistitutları Azərbaycan banklarına verdiyi kreditləri sürətlə geri çəkməyə başlayıblar.Ona görə də banklar gəlirlərinin bir hissəsini məcburi halda borcların qaytarılmasına yönəldiblər.İndiki şəraitdə Mərkəzi Bankdan başqa bazarda bu vəziyyəti düzəldə biləcək ikinci oyunçu yoxdur.

Çox təəssüf ki, yoxdur.Çünki Azərbaycanda çox zəif maliyyə-kredit və iqtisadi sistem formalaşıb.Dövlətdən, neftdən, Mərkəzi Bankdan asılı bir model mövcuddur.Hətta Rusiyada belə deyil, rus bankları sanksiyalara baxmayaraq müxtəlif mənbələrdən vəsait cəlb edə bilirlər.Yəni, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə aşağı çəkməsə, likvididliyi artırmasa, banklara uçot dərəcəsi səviyyəsində borc verməyə başlamasa, bank sisteminin iqtisadiyyatda aktiv iştirakı mümkünsüz görünür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.