Qərbyönlü Paşinyan niyə Rusiyaya jest edir? – Səbəblər

1-05-2018, 09:15           

Hər hansı erməni siyasətçidən Dağlıq Qarabağ məsələsində ciddi güzəştlər gözləməyə dəyməz. Güzəşt mövqeyindən çıxış edən siyasi liderin Ermənistanda uğur qazanması mümkün deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Paşinyan Ermənistan parlamentinin sabah keçiriləcək iclasında baş nazir vəzifəsinə təyin edilərsə, onun əsas işi növbədənkənar parlament seçkilərinə hazırlıq olacaq:

“Seçkilərə qədər sosial-iqtisadi problemlərin həlli ilə bağlı ondan hansısa ciddi islahatlar gözləməyə dəyməz və Ermənistan toplumunun da yəqin ki, bu cür gözləntisi yoxdur. Yeni hökumət başçısının seçkilərə qədər əsas vəzifəsi sabitliyi, qanunun aliliyini, seçkilərin azad və ədalətli keçirilməsini və beləliklə, xalqdan mandat almış tam legitim hökumət formalaşmasını təmin etməkdir. Əgər Paşinyan bu məqsədlərə nail olarsa, bunun özü böyük işdir. Seçkilərdə Paşinyanın blokunun qalib gələcəyi təqdirdə isə onu çox çətin işlər gözləyir. Əsas iş məhz bundan sonra başlayacaq”.

Politoloq vurğulayıb ki, Paşinyanın bloku seçkilərdə qalib gəlsə, ölkənin iqtisadi inkişafı, xalqın həyat səviyyəsinin yüksəldilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli kimi çox ağır tapşırıqlarla qarşı-qarşıya qalacaq:

“Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Serj Sərkisyandan çox fərqli mövqe sərgiləyəcəyini gözləmək sadəlövhlük olardı”.

Politoloq qeyd edib ki, Paşinyan atacağı addımlarla Rusiya üçün problemlər yaratmağa başlasa, Rusiya da ona problemlər yaradacaq:

“Paşinyan Rusiyanın adamı deyil. Bu birmənalıdır. O, liberal dünyagörüşə sahib qərbyönlü siyasətçi kimi tanınıb. Paşinyanın Moskvaya isti mesajlar yollaması isə təbiidir və anlaşılandır. Çünki Ermənistan siyasi, iqtisadi və hərbi sahələrdə Rusiya ilə çox dərin inteqrasiyaya gedib, ərazisində Rusiya hərbi bazaları var, sərhədlərini rus əsgərləri qoruyur, iqtisadiyyatının əsas sahələrinə Moskva nəzarət edir. Belə bir durumda olan ölkədə hər hansı siyasi liderin Rusiya əleyhinə açıq çıxışlar etməsi axmaqlıq olar. Paşinyan hazırda Rusiyanı qəzəbləndirməməyə çalışır. Moskvanı inandırmağa çalışır ki, onun baş nazirliyi Rusiyanın maraqlarını təhdid etmir. Moskva isə Karen Karapetyan kartı vurulduqdan sonra əlində ciddi bir alternativ qalmadığından, Paşinyanı qəbul etməyə məcbur görünür. Amma hesab edirəm ki, Paşinyanın baş nazir kreslosunda fəaliyyəti heç də asan olmayacaq. Rusiya onun önünə çeşidli əngəllər çıxarmaq imkanındadır”.

Qeyd edək ki, 1 may Ermənistanda parlamentdə baş nazir seçkiləri keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.