“Koroğlu”da tıxac problemi həll oldu; bəs 20 Yanvar dairəsi...
1-05-2018, 11:38

Mais Ağayev: “Şəhərdə bu cür problemli yerlərlə bağlı konkret həll variantları işlənib hazırlanır”; İlqar Hüseynov: “Metronun ”20 Yanvar" stansiyasının ərazisi sanki böyük bir taksi duracağını xatırladır"
Uzun müddət idi ki, metronun “Koroğlu” stansiyasının qarşısında avtomobil xaosu yaşanırdı. Kəndlərə işləyən avtobusların metronun çıxışında saxlaması ilə bərabər, taksi sürücüləri də hərəkətə maneə yaradırdılar. Nəhayət ki, problem mətbuatda da bir neçə dəfə işıqlandırıldıqdan sonra həll olunur. Ərazidə təmir-tikinti işləri aparılıb, avtobus dayanacağı ləğv edilir. Bildirilib ki, bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.
Bakıda “20 Yanvar” dairəsi ətrafında da illərdir ki, analoji nəqliyyat sıxlığı yaşanır. Burada da vəziyyət daha acınacaqlıdır. Xüsusilə də günün pik saatlarında sürücülər saatlarla ərazidə yaranan tıxacda gözləməli olurlar. Metronun çıxışının qarşısında dayanacaqda taksilərin və avtobusların dayanması, yolda gərgin vəziyyət yaradır.
Bəs bu problemin həlli üçün hansısa layihə varmı?
“Yeni Müsavat”a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, şəhərdə bu cür problemli yerlərlə bağlı konkret həll variantları işlənib hazırlanır və mərhələli qaydada icra edilir.
Nəqliyyat üzrə ekspert İlqar Hüseynov isə “Yeni Müsavat”a ərazidəki tıxac probleminin həlli yollarından danışıb: “Hətta ”20 Yanvar" dairəsində problemi həll etmək üçün işıqforlar quraşdırılsa da, məsələ həll olunmamış qalır. Metronun “20 Yanvar” stansiyasının ərazisi sanki böyük bir taksi duracağını xatırladır. Burada rayonlardan gələn taksi sürücüləri avtomobillərini park edirlər. Bakıya daxil olan nəqliyyat vasitələrinin, demək olar ki, 70-80 faizi şəhərə “Şamaxinka” deyilən ərazidən daxil olduğu üçün bu yol həddən artıq yüklənir. Orada sıxlığın yaranmasına ən çox səbəb olan hallardan biri də budur. Şəhərə Lökbatan istiqamətindən gələn zaman burada böyük bir parklama yeri nəzərdə tutulmuşdu. İnsanlar orada öz avtomobillərini park edib, ictimai nəqliyyatla şəhərə gəlməli idilər. “20 Yanvar”da isə körpülərin altı, sağ-sol yolların hamısı rayonlardan, Sumqayıtdan gələn maşınların parklanma yeridir. Bunun qanuni və ya qeyri-qanuni olması məsələnin digər tərəfidir. Fakt odur ki, ərazidə xaos yaşanır.
NÉqliyyat üzrÉ ekspert İlqar Hüseynov ile ilgili görsel sonucu
Bakı Beynəlxalq Avtovağzalı şəhərdən uzaqlaşdırılanda məqsəd ondan ibarət idi ki, buradan iritutumlu avtobusların şəhərə girişi azalsın. Ancaq belə olmadı. Kifayət qədər boş ərazilər var ki, oranı rayonlardan Bakıya gələn taksilərə parklama üçün istifadəyə vermək mümkündür. Müasir texnoloji standartların tətbiqi ilə bağlı düşünsək, bilirsiz ki, orada artıq yerüstü yol ötürücüləri quraşdırılıb. Ancaq yol ötürücülərinin quraşdırılması zamanı da intensivlik nəzərə alınmadı. Bilirik ki, həmin yol ötürücüləri tamamlanmamış yol ötürücüləridir. Respublika Klinik Xəstəxanasının qarşı tərəfindən və eyni zamanda Qələbə meydanı deyilən ərazidən daxil olan prospektlərin özlərinə də yol ötürücülərini uzada bilsəydik, “20 Yanvar” dairəsində boşluğa nail olardıq. Belə olardısa işıqforların quraşdırılması bu problemi müəyyən qədər həll etmiş olardı. Ancaq yaxın dövr üçün həmin ərazidə mümkün görünmür ki, hansısa bir yeraltı avtomobil döngələri yaradılsın. Yaxud da burada yaxın dövr üçün yerüstü yol ötürücülərinin yaradılması mümkün deyil. Ən azından çalışmalıyıq ki, ilkin mərhələdə ora daxil olan nəqliyyat vasitələrinin yükünü azaldaq. Bunun da mümkün yolu ondan ibarətdir ki, ərazidə taksi xidməti göstərən vətəndaşlar üçün konkret taksi duracağı müəyyənləşsin. Bununla da onların harada gəldi dayanmalarına qadağa qoymaq olar. Sürücüləri başqa alternativ yerlərlə təmin etməklə nisbətən nəqliyyatın yükünü azalda bilərik".
“Dəfələrlə ərazidə müşahidələr aparıb, həll yolları düşünmüşəm. Hesab edirəm ki, orada sıxlığın yaranmasına səbəb bilavasitə Sumqayıtdan, Xırdalandan, rayonlardan gələn nəqliyyat axınıdır. Bunun qarşısını almaq üçün addımlar atılmalıdır. Bizim üçün ən uyğun variant Respublika Klinik Xəstəxanasının sağ-sol istiqamətindən nəqliyyatın intensivliyini artırmaq üçün tədbirlərin görülməsidir. Əks halda orada ciddi irəliləyişlərə nail ola bilməyəcəyik”.
Ekspertlər hesab edir ki, “20 Yanvar” dairəsində vəziyyəti düzəltmək üçün orada taksi, avtobus dayanacağını “Velotrek”in arxasındakı meydançaya köçürmək lazımdır. Bununla məsələ orada həllini tapa bilər.