Aeroport yolunda hasarlanmış sahədə yüzlərlə zeytun ağacı quruyub
30-07-2018, 16:15
Həzi Aslanov metrosundan Heydər Əliyev Beynəlxalq Aeroportuna istiqamətində beton yolun hər iki tərəfində hasarlanmış ərazidə zeytun ağacları kütləvi şəkildə quruyub.
Qaynarinfo xəbər verir ki, bu barədə Elyar İslamov məlumat verib. O, bildirib ki, hasarlarlanmış sahədə yüzlərlə zeytun ağacının quruyub, amma hasarlanmamış yerdə ağaclar yaşıldır.
"Min bir zəhmət hesabına əkilən, 4-5 il qulluq edilən və məhsul verməyə başlayan yüzlərlə zeytun ağacının hansı səbəbdən quruduğu məlum deyil. Unutmayaq ki, hər quruyan ağac ekoloji tarazlığın pozulması, insanların oksigensiz qalması deməkdir", - deyə o, qeyd edib.
Maraqlıdır ki, zeytunluq təbii şəraitdə quruyub, yoxsa qurudulub?
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən məsələnin araşdırılacağı bildirildi.
Məsələni diqqətdə saxlayacaq və bu barədə yaxın zamanda ətraflı məlumat verəcəyik.