Nazirlik rəsmisi: Fəxri ad alan şəxs düşünməlidir ki, bu adı ona ölkə başçısı verib

8-10-2015, 12:18           
Nazirlik rəsmisi: Fəxri ad alan şəxs düşünməlidir ki, bu adı ona ölkə başçısı verib
“Fəxri ad alan insanlar öz davranışı ilə cəmiyyətə örnək olmalıdırlar. Onlar bütün situasiyalarda təmkinli davranmalı, mədəniyyət xadimi olduqlarını, yüksək fəxri ad daşıdıqlarını unutmamalıdırlar. Təəssüf ki, bir çox halda bunun əksini görürük”.

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə fəxri adla təltif olunan şəxslərin bu adlardan məhrum edilməsi məsələsi müzakirə olunmur: “Hər hansı fəxri ad alan şəxs qeyd olunan məsələlərə, yəni davranış tərzinə, hər hansı qalmaqala görə bu addan məhrum oluna bilməzlər. Davranış, cəmiyyətdə özünü aparmaq səviyyəsi daxili mədəniyyətə bağlıdır. Fəxri ada layiq görülən şəxs düşünməlidir ki, bu adı ona ölkə başçısı verib. Mədəniyyət xadimi, xüsusilə dövlətin yüksək fəxri adı ilə təltif olunan şəxs digər insanlara nümunə olmalıdır ki, cəmiyyət onlardan nümunə götürsün”.
Nazirlik rəsmisi əlavə edib ki, qeyd olunan hallara baxmayaraq cəmiyyətə nümunə olan sənətkarlar da var: “Fəxri ad alan çox dəyərli, cəmiyyətə nümunə olan, milli-mənəvi dəyərləri hər zaman yüksək tutan və bu dəyərləri gənclərə aşılayan sənətkarlarımız da var. Bu insanlar hər kəsin sevimlisi olmaqla yanaşı, cəmiyyətdə öz yerlərini qorumaqdadırlar”.
Qeyd edək ki, fəxri ad daşıyan bir çox sənət adamı qeyri-etik davranışları, məişət səviyyəsində olan qalmaqalları ilə mütəmadi olaraq gündəmə gəlirlər. Onlar cəmiyyətdə tutduqları mövqelərinə, ictimai nüfuzlarına uyğun olmayan hərəkətləri ilə mətbuatın, ictimaiyyətin tənqidinə və qınağına tuş gəlirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.