"Gözləyirik, yəqin ki, mənə də fəxri ad verilər"

24-09-2019, 09:22           
"Gözləyirik, yəqin ki, mənə də fəxri ad verilər"
Bir zamanların məşhur, sevilən müğənnisi Nadir Bayramlı son dövrdə, demək olar ki, efirdən uzaq düşüb. Nədənsə ifaçını televiziya kanallarında görmürük və ya onu verilişlərə dəvət etmirlər. Bunun səbəbini öyrənmək üçün Nadir Bayramlının özü ilə əlaqə saxladıq. Həm efirlərdən yan gəzməsinin səbəblərini soruşduq, həm də yaradıcılığında nə kimi yeniliklər etdiyini öyrənməyə çalışdıq:


- Nadir müəllim, çoxdandır efirdə görünməməyinizin səbəbi nədir?

- Niyə ki? Canlı yayımda tez-tez oluram. Hərdən efirlərə çıxıram. “Lider”ə, “Space”ə... Yəqin rast gəlmirsiniz.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Yeni duetim var, şairə Cığatelin qızı Leyla ilə. Bu həftə klip çəkilişlərini bitirəcəyik. Bir türk müğənnisi ilə də duet planlaşdırmışıq. Alınsa, təqdim edəcəyəm.


- Nəsimi ilində Nəsiminin yaradıcılığına müraciət etmək barədə düşünürsünüzmü?

- Nəsimini şeirləri ilə maraqlanıram. Görək, bəlkə müraciət etdim.

- Afət Fərmanqızının Nəsiminin qəzəlinə oxuduğu “Pəncü Şeş”mahnısını toyda sizdən sifariş etsələr, oxuyarsınızmı?

- Xeyr. O mahnını oxumağa həvəs göstərməmişəm. İstəyən olsa, deyərəm ki, repertuarımda elə mahnı yoxdur, mənim öz mahnılarımdan istəsəz, yaxşı olar.

- Sami Yusufun hazırladığı “Sığmazam” kompozisiyasına münasibətiiz necə oldu?

- Dinləmişəm, yaxşıdır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. İnşallah ki, bizə də dəstək olarlar və biz də belə bir layihə edərik.

- Nadir bəy, son illər müğənnilərin seriallarda çəkilməsi dəb düşüb. Siz necə, seriallara, filmlərə dəvətlər alırsınız?

- Yox, əvvəllər olurdu, indi dəvət edən olmur. Mövsüm dayanıb. Yəqin ki, dəvət olunmamağım bununla bağlıdır.


- Uzun illərdir fəaliyyət göstərirsiniz, ancaq hələ də fəxri ada layiq görülməmisiniz. Bu müddət ərzində özünüz də müraciət etməmisiniz fəxri ad üçün?

- Bir dəfə özləri çağırdılar, təxminən 10 il əvvəl, anket verdilər, mən də doldurdum. Amma hələ də bir xəbər-ətər yoxdur. Gözləyirik, yəqin ki, mənə də fəxri ad verilər.


Qeyd edək ki, Nadir Bayramlı 1962-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində musiqiçi ailəsində anadan olub. 1992-ci ildə Ümid instrumental ansanblı ilə ilk dəfə Azərbaycan dövlət televiziyasında konsert proqramı ilə çıxış edib. 1995-ci ildə ilk "Ayrılaq", 1997-ci ildə "Sevgililər görüşəndə", 1999-cu ildə "Bu qızların əlindən", 2000-ci ildə "Səni sevirəm deyəndə", 2002-ci ildə "Yandırdı məni", 2003-cü ildə "Gizir oğlu Mustafa bəy", 2005-ci ildə "Bu həsrət", 2008-ci ildə "Leylican" adlı kaset və disklərini təqdim edib. Çoxlu sayda diplom və fəxri fərmanlarlarla, iki "Qızıl ulduz" mukafatı ilə təltif olunub. Hal-hazırda həm müğənni, həm də bəstəkar kimi sənət fəaliyyətini davam etdirir.
moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.